"Əməkdaşlıq yüksələn xəttlə inkişaf edir" - PARTİYA SƏDRİ DANIŞDI

21 Dekabr 2022 13:17 (UTC+04:00)

"Rumıniya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri mövcuddur və bu münasibətlər daim yüksələn xətlə inkişaf edir. Rumıniya Avropada ardıcıl və məqsədyönlü siyasəti ilə seçilən ölkələrdəndir. Həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumların üzvü olan bu ölkə ilə Azərbacyan arasında çoxşaxəli əlaqələr mövcuddur. Bu əlaqələr həm də tarixi ənənələrə söykənir. Eyni zamanda, iki ölkə arasında ikitərəfli siyasi dialoq mühiti hökm sürməkdədir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, hələ 2009-cu ildə iki ölkə arasında “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Bu sənəd ikitərəfli münasibətlərin yol xəritəsi sayılır. Vurğulayaq ki, bəhs olunan Bəyannamə Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə strateji tərəfdaşlığa dair imzaladığı ilk belə sənəddir. "Sonrakı mərhələdə hər iki tərəfin siyasi iradəsinə uyğun olaraq tərəfdaşlıq münasibətlərinin hüquqi bazası daha da möhkəmləndirilib. Bütövlükdə, indiyədək Azərbaycanla Rumıniya arasında 61 sənəd imzalanıb. Həmin sənədlər əməkdaşlığın müxtəlif sahələrini əhatə edir. Perspektivdə isə iki ölkə arasında yeni sənədlərin imzalanması gözlənilir. Eyni zamanda. İki ölkə arasında enerji sahəsində mühüm əməkdaşlıq mövxuddur. Bəlli olduğu kimi, bu ilin oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə də görüşmüşdü", -deyən Ə.Kazımova bildirib ki, Azərbaycanın dövlət başçısının dekabrın 17-də baş tutmuş Rumıniyaya növbəti səfəri də ikitrəfli əlaqələrin inkişafına xüsusi təkan verəcək: "Dekabrın 17-də Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. Aparılan müzakirələrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu məmnunluqla diqqətə çatdırlıb. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb. Bunun, eyni zamanda, Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə töhfə verəcəyi qeyd edilib. Bu proseslərin öz növbəsində Mərkəzi Asiya ilə Avropa arasında tranzit əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Təbii ki, bütün müzakirə predmetləri əməkdaşlığın inkişafına töhfələri ilə seçilir. Bu amil isə əməkdaşlığın gələcək perspektivdə daha böyük dinamizm qazanacağını deməyə əsas verir".