Bayram günlərində əlavə qatarlar xəttə buraxılacaq

21 Dekabr 2022 11:54 (UTC+04:00)

Qarşıda gələn "Yeni il" bayramı münasibətilə ölkəmizdə fəaliyyət göstərən sürət qatarlarının fəaliyyəti necə baş tutacaq? Mövzu ilə əlaqədar olaraq SİA Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən məlumat alıb.

Qurumdan verilən məlumata görə, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bayram günləri ilə əlaqədar Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq əlavə qatarlar xəttə buraxılacaq.

Qatarlar Bakıdan 30 dekabr saat 19:00-da, 31 dekabr saat 09:00-da, 3 yanvar saat 19:00-da, Gəncədən isə 31 dekabr saat 09:00-da və saat 14:30-da, 4 yanvar tarixində isə saat 09:00-da yola düşəcək.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.

Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.