“Təhsilin məşğulluğa necə təsir etdiyini araşdırmaq istəyiriksə, bu zaman əsas məsələ olan bazadan danışmalıyıq. Təhsil sisteminin qarşısında duran əsas məsələ baza savadlılığı səviyyəsini təmin etməliyik. Cənab Prezidentin imzaladığı strategiyada da bunlar öz əksini tapıb”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, hər il daha çox məzunu, məktəblini ali təhsilə cəlb etməyə çalışırıq: “10-15 il əvvəl bu statistika 20-25 min idisə, bu rəqəm hazırda 50 mindir. Hansı ki, qarşıdakı illərdə bu rəqəmi 60 minə qaldıra bilmək üçün çalışırıq. Lakin əsas məsələ bu 60 min məzunun təhsil bazasının hansı səviyyədə olmasıdır.
Keyfiyyətli əmək bazarı, yüksək səviyyədə olan məktəbəqədər proqram, bu proqramı tədris edən müəllimlər, eyni zamanda ümumtəhsil, ali təhsil proqramlarımız daha da təkmilləşdirilməlidir. Ümumilikdə bütün bunlar göstərir ki, başqalarının 20 ilə getdiyi yolu, biz 6 aya gedə bilmərik. Belə bir formul yoxdur. Buna görə də əsas məsələ ilk növbədə bazanın təmin olunmasının vacibliyidir”.