"20 Yanvar dairəsi ətrafında və digər bu kimi ərazilərdə qanunsuz sərnişindaşıma fəaliyyətinin mövcudluğu ciddi narahatlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisi qeyd edib ki, çünki bu ərazilər əsas ictimai nəqliyyat dəhlizləri hesab olunur: "Şəhərin vacib marşrut xətləri məhz bu ərazilərdən keçməklə fəaliyyət göstərir. Lakin günün xüsusən də pik saatlarında qanunsuz taksi fəaliyyəti göstərən şəxslərin bu cür ərazilərdə yaratdığı xoatik vəziyyət ilk növbədə avtobusların hərəkətinə ciddi çətinliklər yaradır. Özünüz də müşahidə etsəniz görəcəksiz ki, avtomobillərin dayanacaq məntəqəsini zəbt etməsi səbəbindən avtobuslar məcbur yolun ikinci hərəkət zolağında bəzən isə 3-cü zolaqda saxlamalı olurlar. Bu halda həm nəqliyyatın axınında çətinliklər olur həm də sərnişindaşımalarda təhlükə riski artır. Bu vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyi müvafiq tədbirlərin görülməsi üçün DİN-nə müraciətlər edib. Son günlər özünüz də görürsüz ki, bununla əlaqədar ərazidə reydlər keçirilir".