"2022-ci ildə Azərbaycan sürətli iqtisadi inkişafını təmin edib" - DEPUTAT ŞƏRH ETDİ

20 Dekabr 2022 16:30 (UTC+04:00)

"Yola saldığımız 2022-ci il Azərbaycan tarixinə daha bir parlaq səhifə kimi yazıldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, ölkəmizin beynəlxalq nüfuzu daha da gücləndirildi və qarşıya qoyulan əsas hədəflərə nail olundu. 2021-ci il, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yadda qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri zamanı Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, yeni layihələrin əsası qoyuldu. Cənab Prezident tərəfindən “Böyük Qayıdış”a dair Dövlət Proqramı təsdiqləndi. Zəngilan rayonunun Ağalı kəndində inşa edilmiş “Ağıllı kənd” istifadəyə verildi və 30 ildən sonra bu ərazinin doğma sakinlərinin öz yurdlarına geridönüşü başlandı. Laçın şəhərinin mərkəzində və ətraf ərazilərdə qanunsuz məskunlaşmış ermənilərin çıxarılması təmin olundu. Şuşa, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlara onlarla yeni sosial obyektlərin əsası qoyuldu, bir çox infrastrukturların istifadəyə verilməsi mümkünləşdi. Bütün bunlar yola saldığımız ilin əsas əlamətdar hadisələri hesab edilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”n imzalanması Azərbaycanın Avropa Birliyində əsas qaz təchizatçılarından biri kimi mövqeyini möhkəmləndirdi: "Bir neçə gün əvvəl, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində 3 qardaş ölkə tərəfindən “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u regionda yeni trans-qaz marşrutunun yaradılması da ən mühüm hadisələrdən biridir".

A.Hüseynov sözlərinə davam edərək vurğulayıb ki, 2022-ci ildə Azərbaycan sürətli iqtisadi inkişafını da təmin edib: “2022-ci ilin ötən 11 ayında ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə 121,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM 9,2 faiz yüksəlib. Bu dövrdə adambaşına düşən ÜDM 12 min manatı ötübdür. Bu dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib. Eyni zamanda, qeyd edilən dövrdə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı da 27,2 min nəfər artaraq 1 milyon 729,3 min nəfər təşkil edib.

2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 522 milyon manat və yaxud 5,2 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 33.3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz çoxdur. Növbəti ilin dövlət büdcəi layihəsində müdafiə və hüquq-mühafizə xərcləri 495,9 milyon manat artrılaraq 8 milyard 63 milyon manata çatdırılmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 2023-cü ilin dövlət büdcəsinin layihəsində 3 milyard manat maliyyə təminatı yaradılmışdır.Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur”.