"YAŞAT" Fondu şəhid ailələrinin üzvlərinin təhsil almasına yardım edirmi? - QURUMDAN AÇIQLAMA

20 Dekabr 2022 15:54 (UTC+04:00)

"YAŞAT" Fondu tərəfindən şəhid ailələrinin övladlarına və müharibə iştirakçılarının rifah halının yüksəldilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilir. Həmçinin Fond tərəfindən şəhid ailələrinin üzvlərinin təhsil almalarını təmin etmək məqsədilə müxtəlif yardımlar edir. Mövzu ilə əlaqədar SİA "YAŞAT" Fondunun mətbuat xidmətindən məlumat alıb.

Qurumun mətbuat xidmətindən əldə olunan məlumata görə, şəhid ailələrinin üzvlərinin təhil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 1 347 611.19 AZN təşkil edir. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 339 və yaralıların 93 müraciəti olmaqla ümumilikdə 432 müraciət təmin edilib.

Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 581.99 AZN vəsait qarşılanıb. Təhsil haqqının qarşılanması üzrə 242 müraciət Fond tərəfindən, 114 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri). 07 dekabr 2022-ci il tarixinədək “YAŞAT” Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group” və “Data Science Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub. Rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilərək, ümumilikdə 72 şəxsin (43 şəhid ailə üzvü və 29 yaralı) hesabına vəsait köçürülmüşdür. 2021-2022-ci tədris ili üzrə 49 şəxsə (31 şəhid ailə üzvü və 18 yaralı), 2022-2023-cü il tədris ili üzrə isə 23 şəxsə (12 şəhid ailə üzvü və 11 yaralı) 2000 AZN vəsait köçürülüb.