ABŞ İran və Rusiyadan nə istəyir? - POLİTOLOQ DANIŞDI

20 Dekabr 2022 15:43 (UTC+04:00)

"Beynəlxalq hüquqa görə sanksiyalar bir cəza sistemidir və hal hazırda istər ABŞ, istər Avropa İttifaqı dövlətləri, istərsə də G7 ölkələri tərəfindən dəstəklənən sanksiyalar dünyada gedən siyasi-hərbi proseslərin nəticəsi kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq qeyd edib ki, Ukraynaya təcavüzündən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar öz həcminə və əhatə dairəsinə görə misli görünməmiş səviyyədədir və Rusiya iqtisadiyyatına məhvedici təsir göstərir: "Rusiya hər nə qədər sanksiyalara qarşı dayanıqlı olduğunu nümayiş etdirsə də bu ölkənin iqtisadi göstəricilərində hər keçən gün müşahidə edilən çöküş onu deməyə əsas verir ki, sanksiyalar öz təsirini göstərir. Rusiyanın maliyyə sisteminin, bank sisteminin dağılmağa başladığı, istehsal sahəsində təəzzülün hökm sürdüyü, qaz və neft məhsullarına qarşı tətbiq olunan sanksiyalar səbəbilə Rusiya və Hindistan bazarına möhtac qaldığı göz önündədir. Məsələn Rusiyanın ən böyük bankı və üç böyük şirkətindən biri olan "Sberbank"ın 4 səhmdən ibarət depozitar qəbzinin biri ötən il London birjasında 20 ABŞ dollarına satılırdısa indi bu rəqəm heç bir dollar da deyil. Bunun nəticəsində tək "Sberbank" 100 milyard dollar dəyər itirib. Sanksiyaların tətbiqindən sonraRusiya Mərkəzi Bankı təxminən 400 milyard dollar həcmində valyuta ehtiyatı üzərində nəzarətdən məhrum olub. Ümumilikdə isə Rusiyanın maliyyə itkilərinin ümumi məbləğinin bir trilyon dollara çatması haqqında məlumatlar var. Lakin bütün bunlar son deyil və vaxt geçdikcə sanksiyaların təsiri özünü daha qabarıq göstərməyə başlayacaq. Üstəlik, Rusiya zənginlərinin sərvətləri də əllərindən çıxıb. Aralarında İqor Seçin, Aleksey Miller, Andrey Kostin, Roman Abramoviç, Oleq Deripaska, Sergey Çemezov, Arkadi və Boris Rotenberq qardaşları, özbək əsilli Əlişir Usmanov, İqor Şuvalov, Nikolay Tokarev, Yevgeni Priqojin və digər zənginlərin adlarının yer aldığı sanksiya siyahısı genişlənməkdə davam edir. ABŞ prezidenti Co Bayden Konqressə müraciətində rusiyalı məmur, oliqarx və zənginlərin sərvətlərinin bütün dünya boyu müsadirə olunacağını elan edib. Ümumiyyətlə qeyd edim ki, Avropa Birliyi, Böyük Britaniya və ABŞ-ın Rusiyaya qarşı sərt sanksiya tətbiq edəcəyi halda vəziyyətin belə olacağı gözlənilən idi. Çünki Rusiyanın ixracatının yarısından çoxu məhz bu ölkələrin, əsasən də Avropa Birliyinin payına düşür. Rusiyanın enerji xammalının əsas alıcısı Avropa İttifaqıdır. Rusiya qaz ixracının 60 faizindən çoxunu Avropa istiqamətində həyata keçirir. Neft və neft məhsullarının 50 faizdən çoxunun alıcısı da Qərb ölkələridir. Alüminium ixracının 35, kömür ixracının təxminən 30 faizi Qərbin payına düşür. Böyük Britaniya idxal etdiyi qızılın 90 faizindən çoxunu Rusiyadan alırdı. ABŞ-ın platin idxalının təxminən 30 faizini Rusiyadan alınan məhsullar təşkil edirdi. Bütün bunlara görə sanksiyalar maliyyə sektoru ilə yanaşı, istehsal və hasilat sektorlarını da məhv edir".

R.Bayramov əlavə edib ki, sanksiyaların Rusiyanın Qərb texnologiyalarına çıxışını da məhdudlaşdırdığını nəsə alsaq deyə bilərik ki, Rusiya faktiki olaraq mövcud dünya standartlarından da geri qalacaq: "Çünki Çin və Cənub-Şərqi Asiyadan daha az inkişaf etmiş alternativlərə bel bağlamaq məcburiyyətində qalacaq. Rusiyanın xaricdən asılılığı isə bəzi sahələrdə çox böyük səviyyədədir. Məsələn, quşçuluq istehsalının 99, südlük mal-qara istehsalının 30 faizi idxaldan asılıdır. Şəkər çuğunduru, kartof, balıq yemi və amin turşuları kimi əsas məhsullar üçün toxumlar da önəmli şəkildə idxaldan asılıdır. Aviasiyada sərnişin daşımanın 95 faizi xaricdə istehsal olunan təyyarələrin payına düşür. Onların ehtiyyat hissələrinin idxalı mümkün olmadığı üçün həmin təyyarələrin istifadədən çıxması fəlakətli vəziyyət yaradacaq. Rusiyada istehsal olunan dəzgahların yalnız 30 faizi ölkənin özündə istehsal olunur, yerli sənaye avadanlıqlara artan tələbatı ödəyə bilmir. İrana gəldikdə isə bu ölkə uzun illərdir ki, ABŞ-ın sərt sanksiyaları altındadır və belə demək mümkündürsə artıq sanksiyala öyrəşib və bu müddət ərzində sanksiyaların təsirindən qorunmaq üçün həm yerli istehsalı inkişaf etdirib, həm də alternativ bazarlar tapa bilib. İndi tətbiq olunan sanksiyalar isə Bayden administrasiyasının Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı olan dronlardan istifadə etməsindən sonra Tehrana qarşı ciddi şəkildə sanksiyalar tətbiq edəcəyi iə bağlı verdiyi xəbərdarlığa məhəl qoyulmamasının nəticəsidir. Xatırlayırsınızsa hələ iki ay əvvəl rəsmi Vaşinqton Tehrana qarşı silah satışı və etirazların qəddarlıqla yatırılması ilə bağlı sanksiyalar tətbiq edəcəyinin anonsunu vermişdi. Ağ Ev həmçinin İran daxilində etirazçıların sərt rejimə müqavimət göstərməyə davam etdiyi vaxt nüvə razılaşması üzrə danışıqlarda yaranmış çıxılmaz vəziyyətin tez bir zamanda həll olunacağına şübhə etdiyini də bildirmişdi. ABŞ və Aİ tərəfindən İrana qarşı tətbiq olunan yeni sanksiyalar daha çox fərdi xarakter daşıyır və əsasən də yüksək vəzifəli məmurları, silah istehsalmılarını və satıcılarını, eləcə də İran İnqilabı Keşikçiləri Korpusu, Sepah və Bəsic qüvvələrinin rəhbərliyini, insan hüquqlarını pozmaqda iştirak edən şəxsləri əhatə edir. Çünki yeni iqtisadi sanksiyaların tətbiqinə ehtiyac yoxdur. Qərb düşünür ki, İranın onsuz da ağır sanksiyalar altında olduğunu nəzərə alsaq, iqtisadi sanksiyaların güclü təsir göstərməsi ehtimalı azdır. Düşünürəm ki, sanksiyalar hər nə qədər effektli təsir imkanı olsa da indiki mərhələdə Rusiya ilə müqayisədə İrana elə də ciddi təsir göstərməyəcək. Çünki yuxarıda da qeyd etdiyim kimi İran artıq uzun müddətdir ki, sanksiyaların altında olduğu üçün bu ölkədə sanksiyalara qarşı sanki bir “immunitet” formalaşıb. Odur ki, istər ABŞ, istərsə də digər ölkələr daha effektli təsir metodlarından istifadə etməli və İranı ayaqda saxlayan ölkələrə, İranın böyük ticarət tərəfdaşlarına da sanksiyalara qoşulmaq üçün təzyiq göstərməlidirlər".