Dekabrın 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə, Qafqaz Müsəlmanları İdarəsi, eləcə də Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçiləri, müxtəlif dini konfessiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda mövcud olan tolerant, multikultural mühitin, dini-mədəni müxtəlifliyin, dövlət -din modelinin möhkəmləndirilməsi, milli-mədəni irsin və mənəvi -əxlaqi dəyərlərin mühafizəsi, müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı etimadın yaradılması istiqamətində görülən işlərdən bəhs edib.
Çıxış edən digər tədbir iştirakçıları tolerant və multikultural ənənələrin hökm sürdüyü ölkəmizdə həyata keçirilən din siyasəti, islam və qeyri-islam dini icmalara, onların ibadət yerlərinə göstərilən diqqət və qayğıdan, eyni zamanda Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələrdən söhbət açıblar.
Konfrans işini müzakirələrlə yekunlaşdırıb.