Futbol üzrə 22-ci dünya çempionatı noyabrın 20-də start götürmüşdür. Qətərdə təşkil olunan və 28 gün davam edən mundialda 32 komandanın iştirakı ilə 64 oyun keçirilib. Komandalar öncə hərəsində 4 iştirakçı olmaqla 8 qrupda yarışıb. Daha sonra hər qrupun iki ən yaxşı komandası 1/8 finaldan mübarizəni davam etdirib. 18 dekabr tarixində final mərhələsi Argentina və Fransa yığmaları arasında keçirilib. Görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb və hesab 3:3 təşkil edib. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan Argentina komandası 4:2 hesabı ilə DÇ-2022-nin qalibi olub. Beləliklə də, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Bəs şəhər sakinlərimiz dünya çempionatında hansı yığmaya azarkeşlik edirdi? DÇ-2022-də onların marağına səbəb olan anlar hansılar olub? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Cavid Rüstəmov: “Dünən Dünya çempionatını çox böyük maraqla izləyirdim. Mən Maradonanın zamanından Argentina yığmasına azarkeşlik edirəm. Ona görə Argentinanın qalib olması mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi. İnşallah bir gün Azərbaycan da güclü heyəti ilə dünya çempionatında iştirak edər”.

Şəhər sakini Cəlil Cəlilov: “Mən 2010-cü ildən etibarən Argentina komandasına azarkeşlik etmişəm. Sırf Messi üçün dünya çempionatında onların qazanmasını istəyirdim. Ümumilikdə də nəzər yetirsək görərik ki, Argentina yığması çox güclüdür. Bizim ölkəmizin də dünya çempionatında nə vaxtsa iştirak etməsi arzu olunandır. Bütün Argentina azarkeşlərini və futbolsevərləri təbrik edirəm”.

Şəhər sakini Emin Zeynalov: “Ölkəmizin futbol üzrə dünya arenasında tanınması mümkünsüz bir şey deyil. Çünki bizim elə yerli futbolçularımız var ki, onlar üzərlərində işləsə çox yaxşı nəticələrimiz ola bilər. Ümid edirik ki, onlar da gələcəkdə dünya çempionatında iştirak edərlər. Dünya çempionatını yaxından izləməyib, futbola həvəsim olmasa da, Argentina yığmasının qalib gəlməsinə ona görə sevindim ki, nəticədə, Fransa məğlub oldu. Mən bunu sırf siyasi cəhətdən şərh etdim və sevindim”.

Şəhər sakini Elmar Bədəliyev: “İdman növləri içərisində futbola olan sevgim və bağlılığım sonsuzdur. Futbolu dərk etdiyim günlərdən etibarən də Argentina yığmasının azərkeşiyəm. Sizə təsvir edə bilmərəm dünənki möhtəşəm qalibiyyət məni necə xoşbəxt etdi. Bu qələbə Messinin haqqı idi, çünki bir dünya çempionatında qalib olmamışdı. Karyerasını bitirməmiş buna da nail oldu”.

Şəhər sakini Cavad İsmayılzadə: “Mən futbola baxmıram və azarkeşi olduğum bir komanda da yoxdur. Ona görə bu mövzu ilə bağlı çox da danışa bilmərəm. Lakin bu il təşkil olunan dünya çempionatı, məncə, çox yüksək səviyyədə təşkil olunmuşdur. Argentina komandasını da təbrik edirəm”.

Şəhər sakini Orxan Əlizadə: Argentina komandasının qalib olması sırf Messi üçün çox önəmli idi. Fikrimcə, Messi öz professionallığı ilə də dünyada tanınan çox məşhur futbolçudur. Bu qalibiyyət onun üçün önəmli idi. Düşünürəm ki, bu qələbə onun haqqı idi. O, bunu bacardı”.