Müştərək Komissiyanın 7-ci iclası və İnvestisiya Forumu keçirilib - YENİLƏNİB-FOTOLAR

19 Dekabr 2022 16:51 (UTC+04:00)

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası və İnvestisiya Forumu keçirilib. SİA xəbər verir ki, forumda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri də iştirak edib.

Tədbirdə maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ildə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 30-cu ildönümü qeyd olunur: "Bu, həqiqətən tarixi bir hadisədir. Bu gün Azərbaycan ilə Səudiyyə Ərəbistan arasında münasibətlər çox güclü siyasi zəmin əsasında inkişaf etməkdədir. İlham Əliyev tərəfindən Müştərək Kommissiyanın həmsədrlərinə bizim əməkdaşlığımıza baxışı barədə konkret istiqamətlər verildi ki, bu da bizim işimizə əlavə təkan verəcəkdir. Səudiyyə Ərəbistan nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Bu, böyük bir addım idi".

Maliyyə naziri həmçinin qeyd edib ki, iki dövlət arasında sıx əlaqələr qurularaq müvafiq nəticələr əldə edə bilərik: "Ümid edirəm ki, bu keçirilən forum əməkdaşlığımız baxımından uğurlu olacaq və iqtisadi əlaqələrin inkişafına öz təsirini göstərəcəkdir".

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin inkişafı üçün imkanların da mövcud olduğunu bildirib: "Ölkələrimiz arasında əlaqələrin genişlənməsindəki dəstəyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlıq imkanları var".

Keçirilən tədbirin sonunda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb. Şuranın vəzifələrinə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın ümumi vəziyyətini və gələcək istiqamətlərini müzakirə etmək, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı sahəsində işgüzar dairələrinin təşəbbüslərini dəstəkləmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı problemlərin nəzərdən keçirilməsi daxildir.