Deputatlar qış tətilini harada keçirəcək? - SORĞU

19 Dekabr 2022 16:09 (UTC+04:00)

Artıq 2022-ci ilin son günlərini yaşayırıq. Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə beş gün tətil elan edilib. Uşaqdan-böyüyə hər kəs bu bayramı qeyd etmək üçün səbirsizlənir. Tətil edənlər arasında siyasətçilər, mədəniyyət xadimləri, jurnalistlər və s. var. Bəs görək Azərbaycan Respublikasının Milli Məclis üzvləri bayram tətilini necə və harada keçirəcək? Bu mövzu ilə bağlı SİA deputatlar arasında sorğu keçirib.

Deputat Aydın Mirzəzadə: “İlk növbədə, hər kəsi qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Ölkəmizə xoşbəxtlik arzu edirəm. Bugünkü gündə torpaqlarımızın ərazi bütövlüyünü qoruyan əsgərlərimizə, zabitlərimizə təşəkkürümü bildirirəm. Bayramı Bakıda ailəmlə, sevdiklərimlə birgə olacam. Tədbirlərdə iştirak edəcəm. Eyni zamanda, seçildiyim dairəyə, Mingəçevirə getmək, qəbul keçirmək, bəzi imkansız ailələrə baş çəkərək, onların problemlərinə qayğı göstərmək fikrindəyəm”.

Deputat Aydın Hüseynov: “Yeni il bayramı zamanı ölkədə olacam. Əsasən, öz doğma rayonuma, yəni Tovuza baş çəkəcəm. Eyni zamanda, şəhərdə də bəzi önəmli işlərlə məşğul olmağı və seçicilərimizlə görüş planlaşdırmışam”.

Deputat Vüqar Bayramov: “Mən ümumiyyətlə, bayramları ölkəmizdə keçirməyə üstünlük verirəm. Adətən, regionlarda olur, bəzi hallarda isə Bakıda qalıram. Lakin bu il dekabrın 28-dən sonra xarici ezamiyyətə gedəcəyim üçün yeni ili xaricdə qarşılamalı olacam. Qeyd etmək istəyirəm ki, bu il Yeni il bayramında tətil günlərinin sayı çoxdur. Bu da turizm üçün yeni imkanlar yaradır”.

Deputat Cavanşir Feyziyev: “Qış tətilini elə ölkəmizdə keçirməyi planlaşdırıram. Mənim üçün ən gözəl qış mənzərələrinin olduğu yer Şəki şəhəridir və ailə üzvlərimlə birlikdə orada bir həftə qalacağıq”.