"Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti xalqımızın milli dəyərlərini qorumağa, təbliğ etməyə yönəldilmişdir. Ümummilli liderin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə mədəniyyət sahəsində də əsaslı islahatlar aparılmış, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Ulu Öndərin zəngin dühası ilə əsasını qoyduğu uğurlu inkişaf strategiyası 2003-cü ildən yeni parlaq üfüqlərə doğru yol aldı. Ümummilli Liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyduğumuz 19 ildə ölkəmiz dinamik inkişaf dövrünü yaşayıb. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, ötən dövrün mədəniyyət salnaməsini vərəqləyəndə qürur hissi keçirməyə bilmirik: "Belə ki, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılmış, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilmişdir. Ümumilikdə mədəniyyətimizin qorunması və inkişafı istiqamətində 600 dən çox fərman və sərəncamlar imzalanmışdır.
Müasir dövrdə mədəni irs, incəsənət xalqları, ölkələri tanıdan, insanları birləşdirən əhəmiyyətli vasitələrdən hesab olunur. Xalqımızın qədim və zəngin mədəniyyəti ölkəmizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunur. Bu gün Azərbaycan incəsənəti ölkəmizi dünyada daha geniş miqyasda tanıtmaqdadır. Dünyada tanınmış, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı yüksək sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd etmək lazımdır.
Cənab Prezidentimiz mədəniyyətin bütün sahələrinə olduğu kimi, rəssamlığa da böyük önəm verir. Rəssamlar İttifaqının yubileyi münsibətilə möhtərəm Prezident rəssamlarımızdan bir qrupu ilə görüşdü, onlara yaradıcılıqlarında böyük uğurlar arzuladı. Möhtərəm dövlət başçımız sərgilərdə iştirak etmiş, rəssamlarımıza fəxri adlar, Prezident təqaüdləri verilməsi ilə bağlı sərəncamlar imzalamışdır.
Beynəlxalq ictimaiyyət bizi tarix boyu bəşər mədəniyyətinə ciddi töhfələr vermiş mütəfəkkirlərimizin mənəvi irsi işığında tanıyıb dəyərləndirir.
Ölkə başçısı cənab İlham Əliyevin mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalamasıdır.
Nəsimi, Nizami, Şirvani, Xəqani, Xurşidbanu Natəvan, Vaqif, Mirzə Cəlil, Haqverdiyev, Üzeyir bəy Hacıbəyli və başqa böyük şəxsiyyətlərimizin yaradıcılığına xüsusi diqqət yönəldir. Dövlət rəhbərimizin təşəbbüsü ilə “Nəsimi ili”, “Nizami ili”nin elan olunması böyük dühalarımızı cəmiyyətimizə də, gənc nəsillərimizə də fərqli yöndən tanıdır.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olundu. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Nəsiminin yubileyi Parisdə qeyd edildi.
Prezidentin xüsusi sərəncamı əsasında isə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il ölkəmizdə “Nizami ili” elan olundu. 2022 ci ili isə “Şuşa ili” elan etməklə yanaşı ölkə prezidenti digər sərəncamı ilə Şuşa şəhərini 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Bu isə şanlı qələbəmizin dünyada təsdiqidir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyət və incəsənətimizin bəşər sivilizasiyasına vermiş olduğu töhfələrin beynəlxalq səviyyədə təbliği, gələcək nəsillər üçün möhkəm tarixi istinad mənbəyi yaradılması istiqamətində apardığı siyasi və ictimai fəaliyyətini tədqiq etmək üçün geniş elmi tədqiqata ehtiyac vardır desək yerinə düşər.
Bəli, bu gün dövlət başçısının həyata keçirdiyi siyasət müasir modern dünyanın çağırışlarına adekvat siyasətdir. Azərbaycan dövlətinin çevik, uzaqgörən daxili və xarici siyasəti milli mədəni yaddaşa qayıdışa əsaslanmaqla mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələrinə, düşünülmüş inteqrasiyaya hesablanıb. Bu inteqrasiyada Azərbaycanı dünyada tanıdan, onun nüfuzunu daha da yüksəldən mühüm amillərdən biri də ölkə rəhbərliyinin böyük diqqət və qayğısı ilə əhatə olunan mədəni-mənəvi sərvətimizdir".