İranda sentyabrın ortalarında Məhsa Əminin ölümü ilə başlanan etirazlar üçüncü aydır ki, davam edir. Baş verənlər onu göstərir ki, fars-molla rejimi bütün cəhdlərinə, repressiyalara, yüzlərlə insanı günahsız yerə öldürməsinə, minlərlə insanı həbs etməsinə baxmayaraq insanların gözünü qorxuda bilmədi. Nəticədə Məhsa Əminin ölümü ilə başlayan etiraz aksiyaları xalqların milli haqları ilə bağlı tələblərə qədər böyüdü. Bu sosial-siyasi hərəkat uzun müddət davam etdiyindən və bütün əyalətləri əhatə etdiyindən inqilabi xarakter almaqdadır. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, diqqəti çəkən başqa bir cəhət odur ki, proseslərdə qarşı duran tərəflər arasında hansısa təmas və dialoq yoxdur, münasibətlər hədəflərə uyğun olaraq barışmaz xarakter daşıyır. Əgər İranda bundan əvvəlki dönəmlərdə bu və ya digər etiraz aksiyalarında hakimiyyət nümayəndələri birbaşa və ya media vasitəsilə etirazçılarla təmasa girir, onları tələblərinə münasibət bildirirdilərsə indi bu baş vermir. Əksinə etiraz aksiyaların yatırılması üçün molla rejiminin atdığı addımlar hər keçən gün daha da sərtləşdirilir.
Iranın hakim dairələri vəziyyətin sabitləşdirilməsi üçün digər metodlardan da istifadə edirlər. Məsələn xalqı sakitləşdirmək üçün “Əxlaq polisinin” ləğvi ilə bağlı məlumatların yayılması və ya və ya baş örtüyünün məcburi olması məsələsini araşdırmaq üçün ayrıca mədəniyyət şurasının yaradılması haqqında qərarın qəbulu bu qəbildən hesab oluna bilər. Molla rejimi proseslərin qarşısını almaqda aciz olduğu üçün müəyyən addımlar atmağa məcbur olub. Bu qərarların həqiqətən də icra olunub-olunmayacağını demək çətindir. Çünki belə qərarların verilməsi insanları sakitləşdirmək üçün bir addım da ola bilər. Və bu gün etirazların davam etməsi onu göstərir ki, xalq da verilmiş qərarların səmimiliyinə inanmır.
Etirazların yatırılması və zəifləməsi üçün molla rejiminin atıdğı addımlardan biri də İranda yaşayan xalqlar arasında milli zəmində münaqişə yaratmaq cəhdləri ilə bağlıdır. Bu məqsədlə İranda mövcud olan radikal kürd təşkilatlarından istifadə olunduğuna dair məlumatlar var. Son dövrlərdə bir sıra kürd silahlı qruplaşmaları və partiyaları özlərinə məxsus media orqanlarında Azərbaycanın Soyuqbulaq, Tikantəpə, Bukan, Xana, Sərdəşt şəhərlərini Kürdüstan şəhərləri kimi təqdim etməyə başlayıblar. Onlar Qərbi Azərbaycan əyalətinin qərb və cənub bölgələrini “Kürdüstan torpaqları” kimi qələmə verir, yer adlarını və inzibati ərazi bölgüsünü dəyişdirilmiş formada göstərirlər. Təbii ki, bu cür addımların atılması molla rejiminə qarşı vahid cəbhənin formalaşmasına imkan vermir. Odur ki, indi ən vacib məsələ hazırkı vəziyyətdə rejimə qarşı qüvvələrin parçalanmaması və hədəfdən yayınmaması üçün müəyyən addımların atılmasından ibarət olmalıdır. Xüsusilə də indiki dönəmdə, yəni hakim zümrənin daxilində parçalanmalar olduğu bir vaxtda rejimə qarşı qüvvələrin parçalanmamasına çox böyük ehtiyac var.
İranda baş verənlərin hakimiyyət dəyişikliyinə və ya İranın parçalanmasına gətirib çıxaracağını indidən proqnozlaşdırmaq çətindir. Amma bir şey dəqiq məlumdur ki, proses artıq başlayıb. Birincisi xalqda bir oyanış baş qaldırıb, ikincisi pərakəndə şəkildə baş verən aksiyalar artıq sistemli şəkil alıb. İranda xalqın ən böyük problemi lider və təşkilat problem idi, amma bu aksiyalar artıq öz daxilindən həm liderləri yetişdirdi, həm də onlar vasitəsilə təşkilatları formalaşdırdı. Bu da o deməkdir ki, indiki aksiyaların nəticəsinin nə olmasından asılı olmayaraq İranda dəyişikliklər olacaq. Gec ya tez xalq öz hüquq və azadlıqlarını təmin etmək üçün mövcud molla rejimini tarixin arxivinə göndərəcək.