Ekoloji terrora son qoyulmalıdır

16 Dekabr 2022 16:52 (UTC+04:00)

2022-ci ili yola salmağa günlər qalmışkən Qarabağda, daha dəqiq Şuşa-Xankəndi yolunda baş verən hadisələr bir anda ilin əsas gündəm maddələrindən biri kimi önə çıxmağa başladı. Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarının qarşısını almaq üçün bir qrup vətəndaş cəmiyyəti üzvləri və ekofəalların başlatdığı etiraz aksiyası get-gedə daha çox insanın cəlb olunması və aksiyanın miqyasının genişlənməsi ilə diqqət çəkdi. Artıq beşinci gündür ki, könüllülər və fəallar çətin şəraitə baxmayaraq öz haqlı etirazlarını davam etdirirlər. Aksiyaçıların əsas tələbi Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulması, Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasıdır.

Vurğulanmalıdır ki, bu günə qədər Ermənistan tərəfinin bütün beynəlxalq qanunları və konvensiyaları pozaraq torpaqlarımızı 30 il əsarətə məhkum etməsi, bir milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin salması, milli-mədəni-dini obyektlərimizi vandalizmə, təhqirlərə məruz qoyması ilə yanaşı illərdir ki, təbii sərvətlərimiz də mənfur qonşumuz tərəfindən talan olunur, istismar edilirdi. Müharibəyə qədər olan dövrdə olduğu kimi, post-müharibə dövründə də dünya buna göz yummağa və haqq-ədalətin bərpa olunması üçün ən kiçik addım belə atmamağa davam etdi. Deməli, Azərbaycan 44 günlük müharibədə olduğu kimi bu məsələdə də problemini özü, öz gücünə həll etməli idi. İlk öncə qeyd edək ki, dünya birliyinin məsuliyyətli üzvü və humanizm prinsiplərini hər şeydən üstün tutan bir dövlət kimi Azərbaycan hər zaman ilk olaraq məsələnin sivil həll yollarını əsas tutur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının dövlət qurumlarının nümayəndələri yuxarıda adı çəkilən bölgələrə baxış keçirilməsi və monitorinq aparılması üçün Rusiya sülhməramlı kontingenti ilə müzakirələr aparmış və lazımi şəraitin yaradılması üçün müraciət etmişdir. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul etmiş, monitorinqlərin aparılması ilə razılaşmışdı. Amma təəssüf ki, verilən vədlərə sadiqlik göstərilməmiş, Azərbaycan nümayəndə heyətinə lazımi şərait yaradılmamışdır. Bundan sonra isə artıq Azərbaycan xalqının səbr kasası daşmış, bu qanunsuzluğa, özbaşınalığa son qoymaq üçün əməli addımların atılması üçün bir qrup qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekoloqların, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda etiraz aksiyasına başlanılmışdır. Dinc şəraitdə keçən bu aksiyada əsas tələblər beynəlxalq hüquq və ədalətə uyğun olaraq milli sərvətlərimizin talanmasına son verilməsidir.

Aksiyanın leqal və ədalətli tələblərinə baxmayaraq, rəsmi İrəvan və onun havadarları sözün əsl mənasında illuziyalar yaradaraq sanki aksiya humanitar fəlakətə, etnik təmizləməyə gətirib çıxarırmış kimi uydurma fikirlər səsləndirməkdədir. Hətta, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sərsəmləyərək, Xankəndidə 120 min erməninin girov qaldığını bildirmişdir. İlk növbədə qeyd edək ki, Xankəndidə 120 min erməni sadəcə olaraq mövcud deyil və aksiya ümumiyyətlə, sivil xalqa yönəlməyib. Üstəlik, yolu bağlayan da, hərəkətə mane olan da Azərbaycan tərəfi yox, Rusiya sülhməramlı kontingentidir. Bununla bağlı, video və foto faktlar da mövcuddur. Düzdür, Ermənistan tərəfi real vəziyyəti onsuzda çox gözəl bilir və anlayır ki, bu hərəkətlər ona heç nə qazandırmayacaq. Reallıq budur ki, Ermənistan Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni yolla istismar edir. Bununla bağlı, rəsmi İrəvan cinayət məsuliyyəti daşıyır və gün gələcək o, bu əməllərinə görə ən ağır şəkildə cəzasını çəkəcək. Azərbaycan bunun üçün lazımi addımları atmaqdadır.

Bütün bunların xaricində onu da vurğulamaq istərdim ki, Şuşa-Xankəndi yolunda davam edən aksiyalar Azərbaycanın əyilməz ruhunun, dəmir iradəsinin və cəsarətinin təntənəsidir. Bizlər, aksiyada iştirak edə bilməsək də, qəlbimiz orada döyünür. Hər bir Azərbaycan vətəndaşı milli maraqlarının, təbii sərvətlərinin keşiyində duran aksiya iştirakçıları ilə fəxr edir, qürur duyur. Çünki biz bilirik ki, bu günə qədər olduğu kimi bu gündən sonra da beynəlxalq hüquq və ya qanunlarla nəyinsə həll olunacağını gözləmək əbəsdir. Bizlər iki il öncə olduğu kimi, bu gün də öz gücümüzlə öz problemimizi həll etməliyik. Bu yolda nə qədər lazımdırsa səbir nümayiş olunacaq və aksiya davam edəcəkdir. Sonda haqqın yenidən zəfər çalacağı isə şübhəsizdir.

Səkinə Rüstəmzadə

“Pirallahı Tibb Mərkəzi” PHŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının gənc fəalı