"İran rejiminin sonları yaxınlaşır" -SİYASİ-EKSPERT RƏY BİLDİRDİ

16 Dekabr 2022 16:28 (UTC+04:00)

"Əvvəlki hadisələrə baxdıqda İranda bildiyimiz qədər zaman-zaman genişmiqyaslı etiraz aksiyaları baş verib. Amma indiki aksiyalarla əvvəlki aksiyaları müqayisə etsək, əsas fərq odur ki, keçmiş aksiyalar bəlli bir müddətdən sonra sakitləşirdi, indi isə İran hakimiyyəti bu aksiyaları sakitləşdirə bilmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İranın bütün ərazilərində eyni vaxtda aksiyalar baş verir. Bəzən hətta müəyyən bir ərazidə səngimələr olsa da, başqa bir yerdə dərhal aksiyaya başlayırlar. Bu baxımdan, belə bir prosesdə yekun halın nə olacağı sual altındadır. Təbii ki, İran rejimi özünü qorumaq və hakimiyyəti əlində saxlamaq üçün müəyyən üsullardan istifadə edir. Həm hərbi gücdən, həm də din faktorundan istifadə edərək əhali arasında öz güclərini, tərəfdarlarını küçəyə çıxarır. Amma mütləq şəkildə bu məsələdə müəyyən bir nəticə olmalıdır. Bu nəticələrdən ibarət olaraq, etirazçıların tələbləri necə yerinə yetiriləcək, bu, bir qədər sual altındadır. Etirazçıların əsas istəyi qadınların baş örtüyünün qaldırılmasıdır. Bəziləri meydanlara çıxaraq İran rejiminin bu məsələni müzakirə edəcəyini bildirdi. Lakin bu, doğru deyil. Bu informasiyalar prosesi dəyişdirməyə hesablanmış İran rejimi tərəfindən ortaya atılan dezinformasiyalar idi. Çünki bu məsələləri dəyişməyə, aksiyanı sonlandırmağa İran rejiminin gücü yetmir. Əgər bu aksiyalar belə davam edərsə, İran rejiminin sonlarının yaxınlaşması deməkdir. Hər kəs kimi biz də zamanla bu aksiyaların nəticələrini görəcəyik və mənim fikrimcə, İranda yeni bir hakimiyyət formalaşacaq və tam fərqli bir İran görəcəyik".