"2023-cü il Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi tamam olur. Cənab Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi onun Azərbaycan xalqı qarşısında xidmətlərinə verilən yüksək dəyərdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Heydər Əliyev tarixin nadir şəxslərindəndir ki, o, yalnız mənsub olduğu, rəhbərlik etdiyi xalqa deyil, ümumilikdə bəşəriyyətin tarixinə məxsusdur: "Onun fəaliyyəti regionda uzunmüddətli sülhün, inkişafın əsasının qoyulmasına səbəb oldu. Eyni zamanda, Heydər Əliyevin fəaliyyəti bugünkü gündə dünyanın bir çox politoloji mərkəzləri tərəfindən inkişafı təmin edən uğurlu mexanizm kimi öyrənilir. Ulu Öndər Azərbaycan xalqının inamını özünə qaytardı. Xalqın daxili inamına söykənərək hüquqlarını müdafiə etmək sisteminə malik olmasına səbəb oldu".
Deputat sözlərinə davam edərək həmçinin, qeyd edib ki, Heydər Əliyev çalışdığı bütün sahələrin problemlərini uğurla həll edib: "O, cəmiyyəti cəzalandıran təhlükəsizlik orqanlarını cəmiyyəti qoruyan orqana çevirdi. Sovet Azərbaycanına rəhbərlik edərkən 13 il ərzində ölkəni sənaye-aqrar bölgəsinə çevirib, 6 ali məktəb açıb və 600 yeni orta məktəb tikdirib. Müqayisə üçün qeyd edə bilərik ki, 1968-ci ildə Azərbaycanda bir ildə cəmi 8 orta məktəb binası tikilmişdi. Bu müddət ərzində Azərbaycanda 250 müəssisə salınıb. Onun fəaliyyəti dövründə, həmçinin, Azərbaycan mədəniyyət və incəsənətinə böyük diqqət yetirildi. Azərbaycan gənclərinin zabit kimi yetişməsində də Heydər Əliyevin böyük xidmətləri var idi. Ulu Öndərin dövründə erməni millətçiləri Azərbaycandan bir metr belə torpaq ala bilmədilər. Təsadüfi deyil ki, Heydər Əliyev nadir milli respublika rəhbərlərindən idi ki, SSRİ rəhbərliyinə cəlb edilib və orada Heydər Əliyev dəsti-xətti deyilən bir təsəvvür yaratmağa nail olub. O, keçid dövründə Azərbaycan xalqını fəlakətdən, vətəndaş müharibəsindən, resurslarımızın səmərəsiz istifadəsindən xilas edib. Heydər Əliyevin Naxçıvana rəhbərliyi bu ərazinin itirilməsinin qarşısını aldı. Xalqın tələbi ilə onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində tamamilə yeni bir səhifə açdı. Ulu Öndər Heydər Əliyev hüquqi-demokratik dövlətin əsasını qoydu, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün maksimum şərait yaratdı və Azərbaycanı sivil inkişaf edən dünyanın bir hissəsinə çevirdi. Ən əsası isə o, Azərbaycanın özündən sonra davam edəcək strateji xəttini müəyyənləşdirib. Heydər Əliyev Azərbaycan xalqını dünyada tanınan xalqlardan biri edib. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi tamamilə məqsədəuyğundur".