"Azərbaycan ilə Türkmənistan münasibətləri qədim tarixə malikdir. Belə ki, bizlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikik. Ölkələrimiz arasında birbaşa diplomatik münasibətlərin tarixi isə 1992-ci ilin iyun ayına təsadüf edir. Azərbaycan və Türkmənistan arasında 2017-ci ildə imzalanmış sazişə uyğun olaraq iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi isə özü-özlüyündə olduqca böyük hadisədir. Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyi və Türk dövlətləri arasında inteqrasiyanın genişlənməsi baxımından da kifayət qədər ciddi addımdır: "Məlum olduğu kimi bu il ərzində cənab İlham Əliyev artıq ikinci dəfədir ki, Türkmənistana səfər edir. Eyni şəkildə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla da çox ciddi nəticələr doğuran çoxsaylı təmaslar baş tutmuşdu. Bütün bunlar Türk dövlətlərinin vahid güc olaraq çıxış etməsi baxımından olduqca önəmlidir. Pandemiya dövründə Türk Dövlətləri Birliyinin səylərinin birləşdirilməsi, Azərbaycanla Türkmənistan arasında Dostluq yatağı üzrə problemin köklü həlli, Türkiyə ilə ilə Müttəfiqlik haqqında Şuşa bəyannaməsi, eləcə də demək olar ki, bütün Orta Asiya dövlətləri ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi artıq Türk Dünyasını qlobal siyasi-iqtisadi təsirlər qarşısında vahid gücə çevirmiş oldu. İndi də
Azərbaycan - Türkiyə - Türkmənistan arasında Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi, çoxşaxəli əməkdaşlığı hədəfləyən sənədlərin imzalanması Türk dövlətlərinin qarşıya qoyulmuş hədəflərə çatmaq uğrunda qətiyyətinin göstəricisi hesab oluna bilər. Heç şübhəsiz ki, Türkmənistanda Zirvə Görüşü çərçivəsində imzalanmış, ticari-iqtisadi, gömrük, nəqliyyat və energetika sahəsində əməkdaşlığına dair memorandumlar, eləcə də “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı” ölkələrimiz arası münasibətləri yeni müstəviyə çıxaracaq.
Xüsusilə də, Türk Dövlətləri Birliyinin yerləşdiyi coğrafiyanın enerji resursları ilə zəngin olması, geoiqtisadi potensialı və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi hazırda yeni dünya düzənində həlledici faktorlardan birinə çevrilə bilər. Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal, Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri, BTQ dəmir yolu, Bakı Beynəlxal Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və yaxın zamanlarda açılacaq Zəngəzur dəhlizinin ölkələrimizarası əməkdaşlığın möhkəmlənməsində əsas rol oynayacağı şübhəsizdir.
Üç ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf dinamikası da kifayət qədər ümidvericidir. Belə ki, Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında da qeyd etdiyi kimi 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Təkcə bu il ərazində Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artmışdır.
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində də böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Görülən işlərin nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Ölkə başçısının çıxışında da qeyd edildiyi kimi 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.
Aşqabaddalı Zirvə görüşündə xüsusi önəm daşıyan və Ermənistanda da geniş əks-səda doğurmuş məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı verilmiş mesajlar oldu. Prezident qeyd etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub və bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
Məlum olduğu kimi hazırda Zəngəzur dəhlzinin açıqlamasına Ermənistanla yanaşı bəzi ermənipərəst beynəlxalq dairələr də müqavimət göstərir. Belə ki, həmin beynəlxalq dairələr Türk Dövlətləri Birliyinin yeni dünya düzənində əsas siyasi-iqtisadi iradə sahibi ola biləcəyindən ciddi şəkildə narahatdırlar. Ona görə də, Ermənistanı Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə həvəsləndirirlər.
Ancaq Ermənistan üzərindən Zəngəzur dəhlizini əngəlləməyin mümkünlüyü də qətiyyən inandırıcı görünmür. Hər halda, Ermənistanın müqavimət potensialı Cənubi Qafqazdakı geopolitik, geoiqtisadi və geostrateji proseslərə adekvat deyil. Və rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının təzyiqlərinə uzun müddət tab gətirə bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanda verdiyi açıqlamalar da Zəngəzur dəhlizinin açılması ilə prosesdə Ermənistanın mövqeyinin əhəmiyyət daşımadığını göstərir. Təbii ki, bu, həm Ermənistana, həm də Zəngəzur dəhlizinə əngəl törətmək istəyən bəzi beynəlxalq dairələrə də açıq mesajdır. Bu mesajdan rəsmi İrəvanın nə qədər narahat olmasından asılı olmayaraq Zəngəzur dəhlizi istənilən halda, reallığa çevriləcək.