“Cənab Prezident İlham Əliyevi qarşıdan gələn doğum günü münasibəti ilə təbrik edir, can sağlığı arzulayıram. İlham Əliyevin Ali Baş Komandan kimi çox böyük xidmətləri olub”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.
Millət vəkili qeyd edib ki, ölkə başçısı torpaqlarımızın böyük hissəsini bizə qaytararaq xalqımıza böyük sevinc yaşatdı: “Təbii ki, biz addım-addım Xankəndi ərazisində də öz fəaliyyətimizi bərpa etməyə hazırıq. Məhz İlham Əliyevin hakimiyyəti dövründə milyardlarla pul, qaz və neft satışı sayəsində ölkəmizə daxil olub. Ali Baş Komandanın sayəsində ölkə iqtisadiyyatımızda dirçəliş baş verdi. Bu gün Azərbaycan yoxsul bir ölkə deyil. Ölkəmiz durmadan inkişaf edir.
Mən bilirəm ki, cənab Prezident korrupsiyaya qarşı daha kəskin mübarizə aparacaq. Bunun nəticəsində də qaz və neftimizin hesabına əldə olunan gəlirlər daha çox əhalinin rifahi istiqamətində istifadə olunacaq. İlham Əliyev poliqlot kimi bir çox dillərdə müsahibələr verərək, diplomatik münasibətləri yüksək şəkildə həyata keçirdir.
Ölkə başçısı dünyanın bir çox liderləri ilə şəxsi münasibətlər qurub, böyük hörmətlər qazanıb. Cənab Prezidentin Avropada böyük hörməti var. İlham Əliyevin prezidentlik dövründə ölkənin bütün sahələrində inkişaf var və biz hər bir cəhətdən böyük nailiyyətlər əldə etmişik. Azərbaycanın artıq peykləri var. 56 milyard dollar həcmində bizim valyuta ehtiyatımız toplanır. Həmçinin Azərbaycanda çox böyük yollar çəkilir, böyük neft qurğuları tikilib, neft-kimya sənayesi inkişaf edib. Hesab edirəm ki, Azərbaycana dünya dövlətlərinin marağı çoxalır. 10 milyonluq Azərbaycan bütün dünyada 50 milyonluq dövlət kimi görünür. Qeyd etdiyim hər bir şeyi də təmin edən cənab Prezident İlham Əliyevdir”.