Üçtərəfli sazişdə Azərbaycan vətəndaşlarının sülhməramlıların nəzarətində olan ərazilərə müvəqqəti səfər etmək hüququnun olmadığı haqda müddəanın yer aldığını xatırlamıram
Qarabağda, Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada qeyri-qanuni mədənlərin Azərbaycanın ətraf mühitinə və əmlakına vurduğu ziyana qarşı azərbaycanlı ekoloqların dinc etiraz aksiyası davam edir. Bütün bu müddət ərzində Rusiya Sülhməramlı Korpusu (RSK) Laçın dəhlizinin qarşısını kəsib, etirazçılar isə oradan keçən avtomobilləri buraxıblar. Ermənistan isə vəziyyəti humanitar böhran kimi təqdim etməyə çalışır. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru, Roskonqres İntellektual, Biznes və Siyasi Elita Qapalı Klubunun üzvü Tatyana Poloskova “Vestnik Kavkaza” portalına müsahibəsində bütün problemlərin həlli yolları və Qarabağda, Cənubi Qafqazda sülhə təsir edəcək proseslər haqda danışıb. Müsahibəni oxucularımıza təqim edirik.
- Əvvəla, hüquqi nöqteyi-nəzərdən Azərbaycan QHT-lərinin RSK-nın müvəqqəti dislokasiya zonasına təbii ki, sülhməramlılar tərəfindən təmin edilən müşayiət və təhlükəsizliklə səfər etmək hüququ varmı?
- Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli sazişdə haradasa Azərbaycan vətəndaşlarının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə müvəqqəti səfər etmək hüququnun olmadığı haqda müddəanın yer aldığını xatırlamıram. Xüsusilə qeyri-hökumət təşkilatlarının missiyalarına gəldikdə. Xəbərdarlıq edilməlidirmi- bəli. Təhlükəsizliyi təmin etmək üçün müşayiət olunmalıdırlarmı - əlbəttə. Amma maneələr qoymaq və onları içəri buraxmamaq? Sazişdə belə bir şey yoxdur.
Bu, istər-istəməz belə bir fikir yaradır ki, Azərbaycan ictimaiyyətinin nümayəndələrinə qarşı bu cür sayıqlıq heç də onların yaraqlılarla səhv salınması ilə bağlı deyil. Gizlətmək üçün bir şeyiniz varmı? QHT nümayəndələri kazarma və cəbbəxananın yox, kifayət qədər açıq obyektlərin vəziyyətini izləməyə gəliblər. Hesab edirəm ki, Rusiya tərəfi, əksinə, açıqlıq və dialoq istəyi nümayiş etdirməkdə maraqlıdır.
Hadisə zonasında Azərbaycan mətbuatının işinə qarışmağa, hətta kifayət qədər kobud şəkildə müdaxilə etməyə yol verən hərbçilər üçün əlavə siyasi dərslər keçirmək lazımdır. O cümlədən onlara xatırladın ki, məsələn, Rusiyada bu cür hərəkətlərə görə cinayət məsuliyyəti var.
Onu da xatırlatmaq istəyirəm ki, hərbçilər müəyyən “işğal zonasında” deyil, ərazisində yerləşdikləri ölkənin mülki yerli əhali ilə nəzakətli və təmkinli davranmalıdırlar. Və bu heç bir halda təhlükəli presedentlər yaratmır. Üstəlik, eyni Panamada olduğu kimi, artıq nümunələr var idi.
Təbii ki, bizim vəziyyətimizdə söhbət hərbi bazadan yox, müvəqqəti sülhməramlı qüvvələrdən gedir. Ancaq icazə verin, buna baxmayaraq, bu vəziyyətləri müqayisə edim. Məhz yerli əhali ilə toqquşmada ABŞ hərbçilərinin fikrincə, hərbi bazaya həddən artıq maraq göstərən tələbələrin və məktəblilərin öldürülməsi ilə başa çatan münaqişədən sonra ABŞ-ın bu ölkədə hərbi obyektlər şəklində mövcudluğu başa çatıb.
Rusiya indi qalan dostlarını da itirməyə daha çox tab gətirə bilməz. Geosiyasi vəziyyət eyni deyil.
- Ermənistanın qanunsuz silahlı birləşmələrinin oradan tamamilə çıxarılması Qarabağdakı sülhməramlılarımızın işinə nə dərəcədə kömək edəcək?
- Hətta çox mötəbər təşkilat olan Azərbaycanın rus icması da Rusiyanı erməni qeyri-qanuni silahlı birləşmələrinin tez bir zamanda (yeri gəlmişkən, bu, çoxdan baş verməli idi) çıxarılmasına şərait yaratmağa çağırır- və hələ də işlər davam edir. Yenə bu o deməkdir ki, bəzi oyunçuların orada qeyri-qanuni silahlı birləşmənin olmasında maraqları var.
Qaynar nöqtələrə (məsələn, mən Suriyada demək olar ki, iki il fasilələrlə olmuşam) işgüzar səfərlər təcrübəmə əsaslanaraq bilirəm ki, qeyri-qanuni silahlı birləşmələr ən azı sülh və harmoniyanın pozulması ilə məşğuldur. Onlar adətən narkotik ticarəti, silah satışı, cinayətkar fəaliyyətin “müşayiəti” ilə fəaliyyət göstərir və s.
Amma ilanın başı Qarabağda deyil. İstək və siyasi iradə varsa, bunu başa düşə bilərsiniz. Şeytan bizə deyildiyi qədər qorxulu deyil.
- Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağdan çıxarılması Ermənistan-Azərbaycan nizamlanma proseslərinə necə təsir edəcək?
- Fikrimcə, Azərbaycanla Ermənistanın münasibətləri və Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyəti iki paralel xəttdir. Qanunsuz silahlı birləşmələr qanlı biznesdir, onun rəhbərləri və müxtəlif sferalardan, o cümlədən siyasi hakimiyyətdən olan himayədarları xalqların, dinlərin, Amazon tısbağalarının və Amur pələnglərinin hüquqlarının müdafiəsi mövzularından fərqli vəzifələrin həyata keçirilməsi üçün istifadə edirlər.
Bu qanunsuz silahlı birləşmələr Qarabağ üçün nə etdi? Bəs indi 3 yerə bölünən Suriya üçün necə oldu? Və onların, hər halda, yaxın gələcəkdə birləşəcəyi ehtimalı yoxdur. Yaxın aylarda Dəməşq, Latakiya, Homs, Tartusda olduğum müddətdə aldığım materiallar əsasında kitab nəşr etdirəcəyəm: Suriya gündəlikləri. Bu kitabda Suriyadakı bəzi qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinin nəticələrinin təhlili öz əksini tapıb və Qarabağdakı vəziyyətlə maraqlı paralellərin aparılması mümkündür.
Qarabağ bu qanunsuz silahlı birləşmələrdən nə qədər tez azad edilərsə, orada sabitlik bir o qədər tez olar. Və qeyd etməyə bilmərəm ki, Azərbaycan bu vəzifənin öhdəsindən çoxdan gələrdi.
- Sizcə, Qarabağın azərbaycanlı əhalisinin vətənə qayıtması nə vaxt və ya hansı hadisədən sonra başlaya bilər? Rusiya sülhməramlıları bu prosesə kömək edə bilərmi?
- Mən bu suala yalnız Qarabağa səfər edib orada monitorinq apardıqdan sonra ən azı ekspert sorğusu şəklində cavab verə biləcəyəm. Mən yalnız sahə tədqiqatlarını tanıyıram- həmkarlarımın fikrinə çox hörmət edirəm, həmişə nəzərə alıram, amma problemi öyrənib nəticə çıxarmağı xoşlayıram.
Mən belə bir səfər planlaşdırıram. Düşünürəm ki, Azərbaycan hakimiyyəti mənə mümkün köməklik göstərəcək və əlbəttə ki, müdaxilə etməyəcək. Qarabağ Azərbaycanın ərazisi olub və qalır və təbii ki, mən belə bir araşdırmanın aparılmasını Azərbaycan tərəfi ilə razılaşdıracağam.
Təbii ki, biz istəyirik ki, Azərbaycan əhalisinin öz evlərinə qayıtması tez bir zamanda başlansın. Üstəlik, Qarabağın iqtisadi və mədəni inkişafı üçün də peşəkar kadr axınına ehtiyac var. Bu torpaq artıq böyük bir qədəh iztirab içib. Qarabağ gəmisi tamamilə öz doğma limanına qayıdıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.