Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi çərçivəsində milli mədəni irsimizin təbliği işinə töhfə olan “Tanınmış simalarla virtual tur” filminin təqdimatı keçirilib. Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən filmdə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur. SİA xəbər verir ki, burada məşhur televiziya aparıcıları Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Dilarə Səlim,Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim edirlər.
“Tanınmış simalarla virtual tur” filminin ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Qeyd edək ki, muzeyin youtube səhifəsində yerləşdirilən film surdo-tərcümə ilə müşayiət olunur. Bu layihə respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti uğurlu addımdır.