Ey ürəklərin fatehi, qəlblərin duyğusu, bəzən düşüncələrin qonağı, bəzən göz yaşı, bəzən adama ən yaxın, bəzənsə çox uzaq olan insan... Şairmi deyim sənə, şeirmi deyim sənə, duyğuların özümü, düşüncələrin sözümü deyim sənə?.. Hansını deyim ki, o duyğulu misraların müəllifini tapım. Hansından bəhs edim ki, insanı bu qədər düşüncələrə qərq edən, özündən alıb aparan, xəyallara qonaq edən, xəyallardan yola salıb həyatın min yox, min bir üzünü-özünü göstərən müəllifi tapım. Hansını deyim, hansını? Tapa bilmirəm. Bu ad qarşısında-Ramiz Rövşən qarşısında əslində mən kiməm ki, onu axtarıb tapa da biləm. Buna görə də əlacsız qalıram və çarəni onda görürəm ki, kaşki, bu şəhərdə üz-üzə gələk. Bəlkə bu an tapa bilərəm o müəllifi- Ramiz Rövşəni. Şeirlərində döyünən ürəyi, misralarında gəzən nəfəsi, misraları bənd edən sözləri, bu sözləri beyindən alıb sətirləşdirən əlləri bir insanın Allahın bəxş etdiyi cismdə necə gəzdirdiyini görə bilərəm. Axı o da milyonların biridir, təbii ki, cismən, mənənsə o, milyonların təkidir.
Bilmək istəyirəm, bu boyda dünyanı, dünyanın içindəki ayrı-ayrı dünyaları, həyatları necə sığdırır o bədənə? Ona o qədər suallarım var ki... İlk görüşdə elə “Ayrılıq”dan başlayaram, adamla dolu sağımızdan-solumuzdan, qol-qola kişilərdən, qadınlardan danışaram. Özündən xəbərsiz ömründə min yol özünü öldürən adamlardan danışaram. Soruşaram şairdən ki, bu həyatların içərisinə neçə yol tapdın? Bəli, yaşaya-yaşaya özünü öldürən, ölə-ölə yaşayan, minlərcə ölüb bir dəfə dirilən və daha bir də ölə bilməyən insanların duyğularını necə hiss etdin?
Elə ilk görüşümüzdəcə “Ayrılıq”dan danışaram. Minlərlə birlikdə, lakin ayrı olanlardan danışaram:
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Yox, şair, ayrılsaq da, bir yerdəyik bəzən ömürlük. “Qara paltarlı qadan” a çevrilənədək. Kişilərin qorxağı var, igidi var, deyirsən. Lakin daha nələri, nələri var, bunları da bilməmiş deyilsən. Bu ayrılıqları yaradanlar, min yox, min bir yalanlılar, aldadanlar, sərxoşlar, dünən “sevirəm” deyənlər, bu gün “sən kimsən” söyləyənlər var. Saçları heç tumar görməyən, ruhu da, qəlbi də çoxdan gömülmüş qadınlar isə bəli, bu son ayrılıqda yenə ağlayır. Sənsə:
Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...
-deməkdə nə qədər haqlısan, şair. Çünki sənin hamıdan fərqli gördüyün, duyduğun, hiss etdiyin bu həyatda birlikdə olanlar var ki, lap başdan ayrıdırlar. Dünənki sevgidən əsər-əlamət qalmayanda isə ürək sənə bu sətirləri pıçıldayır:
Bilmirəm mən səni
haçan, harda itirdim?
Yağış yudu,
yoxsa ki, külək apardı səni?
Bu sevgi nağılını
mən biryolluq bitirdim,
Axtarmıram –
axtarsam, yəqin, tapardım səni.
Dünyada bircə qorxum
səni itirmək idi,
Sən yoxsan –
bu dünyada daha mənə qorxu yox.
Sonradan acı çəkib onun yoxluğundan hər şeyi şikəst hesab etsən də, saatının əqrəbini itirsən də, çaynikinin qulpunu yox görsən də, pencəyinin ətəyi yel vurduqca yellənsə də, pencəyinin sonuncu düyməsini qopmuş kimi hiss etsən də, o, çoxdan sovulmuş ağacın üstündəki ən sonuncu, ən şirin meyvəsitək qopanda, artıq gec olur, bəli, gec. Çünki bütün bu yoxluqlara özümüz fərman veririk. Sonrakı peşmançılıq duyğuları isə sonradan heç nəyi qaytarmır.
Kaşki bu şəhərdə üz-üzə gələrdik, şair. Həqiqətən çox vaxt duyğularımız deyir ki, “Analar aldatdı bizi”. Soruşardım, sənidəmi anan aldadıb? Yəqin cavabında bu misraları eşidərdim:
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi…
Bu cavabdan sonra deyərəm ki, bəlkə bu dünyanı yenidən quraq. Yağış yusun, gün qurutsun bu yerləri, bu göyləri, bu dünyada çox şeyləri yağış yusun, gün qurutsun. Hətta gözümüzün yaşını da, bağrımızın başını da, qəbrimizin daşını da yağış yusun, gün qurutsun.
Gələnini, gedənini, bələyini, kəfənini, bu dünyanın öz kefini yağış yusun, gün qurutsun. Yeni bir dünya açsın qarşımızda. Pak, təmiz bir dünya. Elə bir dünya ki, ta ondan gileylənməyək, şair. Mümkünmü deyəcəksən, yoxsa başını bulayıb:
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.
Halal yolumuzu dəyişib,
nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmişik.
Bu cavaba mən də belə cavab verərəm ki, gəlin bu dünyanı yenidən quraq. Axı özünüz deyirsiniz ki:
...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur...
Kaşki bu şəhəərdə üz-üzə gələrdik. Soruşardım, həyatı hər birimizdən fərqli, yəni olduğu kimi, yaxşıları, pisləriylə, doğruları, yalanlarıyla görməyi bacaran, onları fəlsəvi, həm də ülvi hisslərlə qələmə alan, söz-söz sıralayan, kiminin sadəcə gülüşlə, kiminin hisslərlə, həm də günlərlə təsirindən çıxa bilmədiyi hisslərlə qarşıladığı bu misralar onun qəlbini çox incidibmi? Axı hər kəs baxır, lakin görmür. Bu gördükləri ilə misralanan, bəndlənən şeirləri şairimin qəlbinə yükü-yük üstünə yığmırmı? Neçə qaldırır bu yükü, həm də illərdir, bunu bilmək istərdim.
Bir vaxtlar heç başa düşülməyən, yox, bəlkə də görə bilməyənlərin gördüklərini duyğularının qanadına düzən və bu qeyri-adi yaradıcılıqla fəqlənməsi ilə çəkilə bilməyən şairin bu gün hər misrası duyğu çələngi, acı da olsa, həqiqət, həyatın əsl üzü, reallıqdır. Məhz elə bu səbəbdən onu sevirik. Sadəcə onu dinləməklə həyatı görə bilirik. Bu həyatdakı reallıqları, gerçəklikləri görə bilirik. Bu gün haqqında danışılan sabahı görürük. Sevginin, məhəbbətin gözəlliyini, ayrılığın acısını, “sevgi” adlı dünyanın bütün çılpaqlığını görə bilirik.
Kaşki bu şəhərdə üz-üzə gələ bilərdik. Soruşardım şairdən ki, necə bacarırsan adamı ağlatmağı, günlərlə düşündürməyi? Bəlkə şeirlərini hər kəsin səsindən qat-qat çox sevdiyimiz öz səsinlə dinlətmklə buna nail olursan? Bilmirəm, hansıdır. Lakin sənə qarşı hər kəsin içində bunun olduğuna əminəm:
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Bəli, sevilirsən, çox sevilirsən, şairim. Tək qar üstündə yem axtaran quş kimi yox, hər kəsin dərdinin dərmanı olduğun üçün sevilirsən. Ağladıb ürəkləri boşaltmağı bacarmağınla sevilirsən. Düşündürdüyün üçün sevilirsən. Hər kəsin görmədiyini həzin misralarınla duyğulara təmas etdirməklə sevilirsən…
O şair ki, qəlblərin şairidir, qəlblərdə də yaşayacaqdır. Dünya var olduqca yaşayacaqdır.
Kaşki bu şəhərdə üz-üzə gələrdik. Deyərdim, şair, ad günün mübarək, şair. 76 yaş nədir ki? Biz səni 100 yaşlı görmək istərdik. Səndən yeni-yeni şeirlər dinləmək istərdik. Şəxsən mən, ömrümdən kəsib sənə vermək istərdim. Və sənin dilinlə deyədim:
Məndən əziz kimin varsa,
Sev, amma unutma məni...
Unutmaq olarmı səni, şair, Səni unutmaq günahdır. Allah bu günahdan qorusun bizi...
Mətanət Məmmədova