"Etirazçılar istədiklərinə nail olana qədər geri çəkilməyəcək" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

14 Dekabr 2022 12:01 (UTC+04:00)

“Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının özbaşınalığı, suveren Azərbaycan ərazilərində fəaliyyət göstərən erməni separatçılarına açıqca dəstək verməsi böyük təəssüf doğurur. Bu durum Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanır və böyük etirazlara səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son 3 gündə Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində baş tutan dinc etiraz aksiyası bunun əyani sübutudur: “Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir və haqq-ədalət tələb edir. Bu bir reallıqdır ki, Rusiya sülhməramlıları fəaliyyətində dönüş yaratmazsa, xüsusilə də erməni cinayətkarlara dəstək verən komandan Andrey Volkov etirazçıların qarşısına çıxıb açıqlama verməzsə, aksiyalar davam etdiriləcək. Etirazçılar istədiklərinə nail olana qədər geri çəkilməyəcək”.

Siyasi ekspert sözlərinə davam edərək, həmçinin, qeyd edib ki, Qarabağda məskunlaşan bir qrup separatçının Rusiyadan gəlmiş təxribatçı qüvvələrlə birləşib Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaqla məşğul olduğu hər kəsə məlumdur: “Bu, eyni zamanda ölkəmizə qarşı ekoloji terrordur. Rusiya sülhməramlıları isə bu ərazilərdə baş verən hadisələrə nəzarət etmək, cinayətkar əməllərin qarşısını almaq əvəzinə cinayətkarlara şərait yaradır. Əraziyə səfər etmək istəyən nümayəndə heyətinə maneçilik törədilir. Bütün bunlar yolverilməzdir. Azərbaycan dövləti məsələ ilə bağlı hələ ki, böyük səbr və təmkin nümayiş etdirir. Amma əgər vəziyyət bu cür davam edərsə dövlətimiz daha sərt və qətiyyətli tədbirlər görmək məcburiyyətində qalacaq. Biz haqq, ədalət, ölkəmizin ərazi bütüvlüyü və suverenliyinə hörmət tələb edirik. Əminliklə demək olar ki, Azərbaycan bu dəfə də haqlı istəyinə nail olacaq”.