Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” adlı Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SİA xəbər verir ki, konfransın açılışında çıxış edən rektor Elçin Babayev zəngin tarixinə malik Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinin qeyd olunmasının Azərbaycan elmi və ölkənin ilk ali təhsil ocağı olan BDU üçün əlamətdar olduğunu bildirib. O qeyd edib ki, Şərqşünaslıq fakültəsi BDU-nun ən qocaman və nüfuzlu fakültələrindəndir: “Fakültəni belə məşhurlaşdıran burada dərs deyən əsl elm fədailəri, ziyalılar, korifeylər olub. Məhz onlar 100 illik tarixi yaradanlar, şərqşünaslığı zirvəyə qaldıranlardır”.
Rektor diqqətə çatdırıb ki, Fakültənin özəyi Bakı Dövlət Universitetinin yarandığı vaxtda, 1919-cu ildə qoyulub. O zaman Tarix-filologiya fakültəsinin tərkibində həm də Şərq şöbəsi yaradılmışdı. Üç il sonra Şərq şöbəsinin əsasında müstəqil Şərqşünaslıq fakültəsi fəaliyyətə başlayıb. 1920-ci ildə BDU-ya dəvət olunmuş tanınmış şərqşünas-ərəbşünas, islamşünas, tarixçi-alim, ərəb əsilli professor Panteleymon Juze fakültənin ilk dekanı olub. Onun yorulmaz əməyi, bu sahəyə olan sonsuz sevgisi, sayəsində fakültə formalaşıb, dövrünün məşhur ziyalıları fakültədə tədris prosesinə cəlb olunub.
Şərqşünaslıq fakültəsinin elmi bazasının formalaşmasında, əsasən Sankt-Peterburq və Kazan Universitetlərinin alimlərinin xüsusi xidmətləri olub. Bu sırada SSRİ EA-nın akademikləri olmuş, dünya şöhrətli alim Nikolay Marr, məşhur dilçi alim İvan Meşşaninov, görkəmli şərqşünas alim Vasiliy Bartold, şərqşünas türkoloqlar Aleksandr Samoyloviç, Nikolay Aşmarin, Anastasi Romaşkeviç, Əziz Qubaydulinin adları çəkilə bilər. Məhz bu görkəmli alimlərin yetirmələri Azərbaycan şərqşünaslığını inkişaf etdirmiş, dilçilikdə, ədəbiyyatşünaslıqda yeni səhifələr açmağa nail olublar. Şərqşünaslıq sahəsi özünün güclü kadr potensialı sayəsində 1922-ci ildən bu günə qədər uzanan zəngin tarixi bir yol qət edib. Adları artıq fakültə ilə yanaşı çəkilən görkəmli ədəbiyyatşünas-alim akademik Həmid Araslı, görkəmli türkoloq professor Bəkir Çobanzadə, tanınmış professorlar Mübariz Əlizadə, Ələsgər Məmmədov, Rəhim Sultanov, Həsən Mahmudov, Əhmədiməhəmməd Şəfai, Malik Mahmudov, Neyyerzaman Hatəmi, Aniyə Ələkbərova, Aslan Eyvazov, Mirzə Rəhimov, Mənzərə Məmmədova, Təhminə Rüstəmova, Xeyri Əl-Abbasi, İsmayıl Şəms, Yusif Ziya Şirvani, Aida İmanquliyeva, Zahid Hüseynov, Vasim Məmmədəliyev kimi alimlərin misilsiz xidmətləri xüsusilə qeyd olunmalıdır”.
Rektor diqqətə çatdırıb ki, fakültə öz zəngin tarixi inkişafı dövründə həmişə yüksək tədris və elmi-tədqiqat göstəriciləri ilə seçilib. Fakültədə ərəb, türk, fars dilləri və ədəbiyyatları ilə yanaşı, ibri, urdu, Çin, yapon, Koreya dilləri də tədris olunmağa başlayıb. Fakültənin məzunları arasında peşəkar tərcüməçilər, səriştəli diplomatlar, nüfuzlu ictimai-siyasi xadimlərin sayı kifayət qədərdir.
Elçin Babayev qeyd edib ki, Şərq aləmi əsrlərlə dünya mədəniyyətini, elmini zənginləşdirib, elmi tədqiqatlara, yeni kəşf və ixtiralara təkan verib: “Şərqi öyrənmək, keçmişdən bizə miras qalan qədim əlyazmalarda gizlənən həqiqətləri açmaq, tarixin qapalı səhifələrinə işıq tutmaq məhz şərqşünasların öhdəsinə düşür. Bu gün Şərq-Qərb mədəniyyətlərinin dialoqu olduqca böyük əhəmiyyət kəsb edir. Dünyada gedən qlobal proseslər, ictimai-siyasi dəyişikliklər mədəniyyətlər arasındakı əlaqələrin möhkəmlənməsi uğrunda fəaliyyətin artırılmasına ehtiyac yaradır. Bu əlaqələrin sağlam qurulmasında elm xadimlərinin də üzərinə ciddi iş düşür. Şərqin özünəməxsusluğunu dərk etmək, bütün incəlikləri ilə öyrənmək, təhlil etmək Şərqlə Qərb mədəniyyətlərinin bir-birini daha yaxşı anlamaları üçün ortaq tədqiqatların aparılması bu gün olduqca vacibdir. Bu baxımdan qloballaşma şəraitində belə konfransların təşkili böyük əhəmiyyət daşıyır”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Şərqşünaslıq fakültəsinin yetirmələrinin ümumtürk birliyi sferasına verdikləri töhfə, bu sahədə Fondun fəaliyyəti haqqında danışaraq, belə konfransların təşkilinin olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında fakültənin tarixindən, inkişaf mərhələlərindən, perspektivlərindən danışıb. Fakültənin 100 illik tarixində xidmətləri olan professor -müəllim heyətindən söhbət açaraq, konfransa daxil olmuş 300-ə yaxın tezisin mövzusu və elmi əhəmiyyətinə toxunub.
Daha sonra Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti ilə bağlı video nümayiş etdirilib.
Milli Məclisin üzvləri - akademik Rafael Hüseynov, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə xanım Əliyeva, Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru Avazbek Vahidov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Pyotr Taraka, Şərqşünaslıq fakültəsinin məsləhətçi professoru Elxan Əzizov çıxış edərək Şərqşünaslıq fakültəsinin kollektivini yubiley münasibətilə təbrik edib, Azərbaycan şərqşünaslığının inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
9 xarici ölkədən (Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Pakistan, İraq, Polşa, Macarıstan), o cümlədən respublikanın bir çox ali təhsil müəssisələri, elmi qurumlarından olan tədqiqatçıların və görkəmli şərqşünas məzunların iştirakı ilə keçirilən beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirəcək.
Konfrans sabah başa çatacaq.