Azərbaycanı məhvolma təhlükəsindən qurtaran Lider! ŞƏRH

14 Dekabr 2022 11:21 (UTC+04:00)

Müstəqil Azərbaycanı böyük dünya siyasətinə qovuşduran siyasi lider Heydər Əliyevin həyatı və irsi barədə düşünərkən gözlərimiz önündə onun heyrətamiz intellekti, işıqlı ideyaları, xüsusilə dəyərli əxlaqi və siyasi siması canlanır. Bu dahi şəxsiyyətlə bağlı hər hansı bir fikir söyləyərkən böyük şərəf və məsuliyyət hissi keçirirsən. Çünki fərdi-subyektiv ölçülərə sığmayan ulu öndər Heydər Əliyev şəxsiyyətıni dəyərləndirməyə cəhd etmək tarixə, zamana, gələcəyə qiymət vermək qədər çətindir. Etiraf etmək lazımdır ki, özünün böyük həyatı və zəngin fəaliyyəti boyu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün etdiklərini ondan əvvəlki dövlət adamlarımız, ictimai-siyasi xadimlərimiz edə bilməmişlər. Ona görə də Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında onun qədər misilsiz xidmətlər göstərən dövlət adamı tapmaq çətindir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz olmaqla yanaşı, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. Tanrı bu dahi şəxsiyyətə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, dəmir iradə, coşqun enerji, zəngin təcrübə vermişdi. O, böyük ictimai-siyasi fəaliyyət təcrübəsinə malik beynəlxalq miqyaslı, nüfuzlu bir dövlət xadimi idi. Onun nüfuzu, şöhrəti, ilk növbədə, bu böyük şəxsiyyətin fitri istedadı, zəkası və fədakar əməyindən qidalanırdı. Onun böyük gücü isə dərin və universal biliyində idi. Ulu öndər qətiyyəti, uzaqgörənliyi, səbirliliyi, müdrikliyi, əzmkarlığı, idarəçiliyi ilə onu tanıyanları heyrətləndirirdi.

Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. O, hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevirmişdir. Azərbaycanın hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük iftixarla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləyən bu böyük şəxsiyyət ölkəmizin yeni tarixinin əsasını təşkil edir.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı