Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarını qanunsuz istismar edirlər. Bu səbəbdən də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası ikinci gündür davam edir. Aksiya iştirakçılarının sayı durmadan artır. Bəs şəhər sakinlərimizin bu cür aksiyaya qarşı münasibəti necədir? Rus sülhməramlıları həmin ərazilərdən çıxarılmalıdırmı? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Yavər Neftəliyev: “Rus sülhməramlıları birmənalı şəkildə bizim torpaqlarımızdan çıxarılmalıdır. Mən aksiyada iştirak edən hər bir kəsi dəstəkləyirəm. Allah bizim əsgərlərimizi qorusun. Rus sülhməramlıları çıxıb getməlidir. Onların yerində bizim öz ordumuz qalmalıdır. Onların bizə ziyandan başqa bir köməyi yoxdur”.

Şəhər sakini Faiq Fərəcov: “Rusların hər zaman bizim torpaqlarımızda gözü olub. Onlar indi də bizim torpaqlarımızdan əhəmiyyətli ekoloji sərvətlərimizi satmaqla məşğuldurlar. Təbii ki, hazırda da onlar öz xislətlərindən əl çəkmirlər. Mən birmənalı şəkildə onların ölkəmizdən çıxıb getməsinin tərəfdarıyam”.

Şəhər sakini Ruslan Quliyev: “Artıq iki gündür ki, fəal gənclərimiz ekologiyamıza qarşı törədilmiş terrorun qarşısını almaq üçün aksiyalar həyata keçirirlər. Mən bir azərbaycanlı olaraq rus sülhməramlılarının ölkəmizdən çıxmasını istəyirəm. Onlar hər zaman olduğu kimi indi də ermənilərə qarşı öz humanist addımlarını həyata keçirirlər”.

Şəhər sakini Arzu Vəliyev: “Azərbaycan güclü bir dövlətdir və bizim ölkəmizin güclü ordusu var. Bu baxımdan da rus sülhməramlıları bizim ölkəmizdən çıxarılmalıdır. Çünki bizim ordumuz hər şeyə qadirdir. Həmin səngərlərdə də öz ordumuz olmalıdır”.

Şəhər sakini Firuzə Quliyeva: “Ermənilər barədə çox söz demək olar. Onlar heç vaxt bizdən əl çəkmirlər. Biz birmənalı şəkildə onları öz torpağımızdan iti qovan kimi qovmuşuq. Lakin ruslar hələ də onlara yardım edib, əl tuturlar. Əlbəttə ki, bu da çox çəkməyəcək. Bunun da qarşısını çox gözəl şəkildə alacağıq”.

Şəhər sakini Ləman Atakişiyeva: “Qarabağ daima Azərbaycan torpaqları olub. Biz bunu bir daha 44 günlük vətən müharibəsində bütün dünyaya sübut etdik. Bunun üçün də öz ərazilərimizin təbii sərvəti də bizim haqqımızdır. Lakin rus sülhməramlıları yenə də bizə qarşı xəyanət edərək təbii sərvətlərimizi ermənilərə satırlar. Bu hal yolverilməz bir haldır və təkrar edilməməlidir”.