"Ukrayna-Rusiya müharibəsi 4-cü və son fazasına keçib. 4-cü, yəni sonuncu faza o deməkdir ki, artıq ya Rusiya Ukrayna silahlı qüvvələrinin artan gücü qarşısında 2014-cü ildə işğal etdiyi ərazilərdən geri çəkilməlidir, ya da çəkindirmə silahı olaraq taktiki nüvə silahından istifadə etməlidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.
Onun sözlərinə görə, bu günün balansında əməliyyatlar Rusiya Ukraynanın əks hücum əməliyyatlarının qarşısını ala bilmir. Bu əks hücum əməliyyatlarının da qarşısını ala bilmədiyinə görə, Rusiyanın fikri ondan ibarətdir ki, Ukraynanın mülki infrastrukturunu bombalasınlar və məhv etsinlər. Ukrayna xalqı da bunun nəticəsi olaraq qışda soyuqda qalsın və böyük təhlükə ilə üz-üzə qalsın. Təbii ki, Ukraynanın siyasi rəhbərliyi də bunun nəticəsi olaraq müharibəni dayandırsın və Rusiya ilə sülh müqaviləsi imzalamağa doğru getsin. Amma görünən odur ki, Rusiyanın çəkindirmək planı enerji-kommunikasiya üzərindən apardığı siyasətin effekti çox zəifdir. Sonuncu addım olaraq Rusiya düşünür ki, indiki halda nəzarəti əlində olan bölgələri əlində saxlasın və qorusun. Əgər o bölgələri də əlində saxlaya bilməsə, onun üzərindən taktiki nüvə silahından istifadə etsin. Bununla da Rusiya Ukraynanın özünü və ona dəstək olan NATO-nu və ABŞ-ı şantaj eləməyə çalışır. Nəticə etibarı ilə artıq o taktiki nüvə silahından istifadə edib etməyəcəyini artıq yaz aylarına doğru bilinəcək".