“Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu”

13 Dekabr 2022 10:23 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Gülyaz Fərəcova 11-14 dekabr 2022-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə təşkil etdiyi “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu”nda iştirak edib. SİA xəbər verir ki, simpoziumun məqsədi dünyada tibb bacısı və mamalıq təcrübəsi və təhsilində yenilik, islahat və dəyişiklikləri bölüşmək, həmçinin, ÜST-nin “Tibb bacısı və mamalıq üzrə qlobal strateji istiqamətlər”ində müəyyən edilmiş sahələr üzrə Azərbaycanda tibb bacısı və mama işinin vəziyyətini müzakirə etmək olub.

Simpozium çərçivəsində “Tibb bacısı və mamaların göstərdiyi xidmətlər və vəzifələri”, “Tibb bacısı və mamalıq təhsili” və “Liderlik” mövzularında 3 panel müzakirəsi keçirilib. Həmçinin, on iki mövzuda müxtəlif forum və təlim kursları baş tutub. Tədbirdə tibb bacısı və mamalar, ekspertlər və qərarverici şəxslər arasında fikir mübadiləsi aparılıb, eləcə də yerli, regional və beynəlxalq səviyyələrdə tibb bacıları və mamalar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsinə öz töhfəsini verib.