Volkovdan qurd olmaz

13 Dekabr 2022 15:50 (UTC+04:00)

Azərbaycan ekoloji terrora yox deyir, qanuni ərazilərimizdə - Qarabağ iqtisadi rayonunda xarici şirkətlərin yeraltı sərvətlərimizi qanunsuz istismar etmələrini durdurmağa çalışır. Ermənistanın 30 illik talançılığına son qoymaq üçün ölkənin rəsmi və qeyri-hökumət təşkilatları, cəmiyyət institutlarının nümayəndələri artıq konkret addımlar atmağa başlayıblar. Dekabrın 3-dən başlayaraq torpaqlarımızda, suveren ərazilərimizdə yeraltı mədənlərimizin istismaq edilməsinə etiraz hələlik ekoloqlardan gəlib. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına baş verənlər barədə xəbərdarlıqlar edilib. Nəticə əldə edilməyəcəyi təqdirdə digər qurumların da işə qarışmayacağına heç kim zəmanət verə bilməz. Amma yenə də cavabdeh şəxslər, konkret olaraq sülhməramlılar hələ də ikibaşlı oyunlar oynamaqla Azərbaycan tərəfinin əsəblərini yoxlayırlar. Nədənsə, Rusiya və Türkiyənin birgə çalışdığı Monitorinq Mərkəzinə yox, Rusiya Müdafiə Nazirliyinə birbaşa tabe olan sülhməramlılar Azərbaycanın haqlı tələblərinə hələ də etinasız yanaşır, üstəlik erməni separatçıları ilə bir olduqlarını gizlətmirlər.

Bu sətirlər qələmə alınarkən Azərbaycanın QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası 19 saatdır ki, davam edir. Ortada isə bir tələb var, Rusiya sülhməramlılarının komandanı Volkov hadisə yerinə gəlsin. Volkov isə ötən aksiyalardan fərqli olaraq bu dəfəkinə gəlməyi nədənsə özünə sığışdırmayıb. Əvəzində aksiya keçirilən ərazidə sülhməramlı kontingentin sayını artırıb, ağır silahlar gətirib ora. Yataqxana konteynerlər olan avtomobillərin hadisə yerinə gətirilməsi isə Azərbaycan tərəfinin haqlı tələblərinin hələ uzun müddət yerinə yetirilməməsinə bir işarədir. Özü isə, məlumata görə Moskvaya qaçıb.Niyə və kimdən qaçıb?

Etiraz aksiyaları Laçın dəhlizinin bağlanmasına səbəb olub. Sülhməramlılar da, komandanları Volkov da inad edir. Ya hadisənin daha dramatik hal almasını istəyir, ya da deyəcəyi söz yoxdur, tapşırıq hələ də yuxarıdan gəlməyib. Belə görünür ki, Volkov hadisələrin inkişafına hazır deyil, ya da belə bir vəziyyətin yaranacağını, Azərbaycanın belə bir addım atmağa cəsarət edəcəyini ağlının ucundan da keçirmirmiş. Bu ərazilərin, yəni Qarabağın, Laçın dəhlizinin kimə məxsus olduğundan da general bixəbərdir. Anlaşılan budur ki, Volkov sülhməramlı kimi bu ərazilərdə uzun müddət qalacağını düşünür və buna hazırlaşır. Bu yaxınlarda ermənilərin sülhməramlıların ailələrinin də Qarabağa yerləşdiriləcəyi barədə verdikləri məlumatlar sıradan bir sərsəmləmə kimi qəbul edilməməlidir, əksinə buna ciddi reaksiya verilməlidir. Bunun qanunsuz, hətta cinayət xarakterli olması barədə xatırlatmaların ünvanlanması işin xeyrinə olardı.

Ermənistandakı ermənilər də "arçaxlılar" kimi sərsəmləməyə başlayıblar. "Hay"ların qəzetləri yazır ki, "Azərbaycan tərəfi ekoloji aksiya adı altında yenidən Xankəndi-Gorus yolunu bağlayıb, on minlərlə Qarabağ ermənisini mühasirəyə alıb". Yazırlar ki, Volkovla Azərbaycan nümayəndə heyətinin əvvəlki görüşündə "Qarabağ nümayəndələri" də danışıqlara qatılmışdı. Dünən isə sülhməramlılar Qarabağ tərəfinin iştirakını kəskin şəkildə rədd ediblər.

Bu barədə mövzunu inkişaf etdirən "Hraparak" qəzeti yazır ki, sülhməramlılar dünəndən başlayan aksiyaların keçirildiyi yerə hətta erməni deputatları da buraxmayıblar. Rusiya sülhməramlıları bildiriblər ki, danışıqlardan söhbət gedə bilməz və bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildirdilər ki, problemin həlli üçün siyasi iradə lazımdır və azərbaycanlıları dəhlizdən zorla qovmaq fikrində deyillər. Bu qərarı “yuxarıdan” alanda nə edəcəklərini biləcəklər. "Qarabağ parlamenti" isə üçtərəfli bəyanat çərçivəsində Rusiya sülhməramlılarını aksiyanı ən sərt üsullarla dayandırmağa çağırıb.

Özünü Qarabağ separatçılarının "Dövlət naziri", "Artsaxın Mülki Müdafiə rəisi" kimi təqdim edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan isə Qarabağa gələn yolun kəsilməsi səbəbində ermənilərin yaşadığı bütün ərazilərdə fövqəladə vəziyyət elan edib, operativ qərargahlar yaradıb, bir sözlə ən pis vəziyyətə hazırlaşmağa başlayıb. O, mülki müdafiəyə cavabdeh olan idarələrin rəhbərləri müşavirə keçirib. Vəziyyətin kifayət qədər mürəkkəb olduğunu və Qarabağın faktiki olaraq Azərbaycanın blokadasında olduğunu qeyd edən "dövlət naziri", eyni zamanda, böhrana hazır olduqlarını vurğulayıb. Bu, yanaşma əslində ondan xəbər verir ki, Azərbaycanın rəsmi orqanlarının verdiyi məlumatlar dəqiqdir. Yəni Qarabağda yaşayan erməni separatçıları sülhməramlıların çətiri altında özlərini daha sərbəst və toxunulmaz hesab edərək növbəti müharibəyə hazırlaşırlar. Müharibənin ölçüsü də önəmli deyil, genişmiqyaslı da, lokal da ola bilər. Amma separatçıların döyüşə hazırlaşdıqları şübhəsizdir.

Rusiyanın Müdafiə Nazirliyinin 1950 nəfərdən ibarət hərbi kontingenti sülməramlı missiya adına iddialı olsalar da, sülh məramlı deyil. Bu hərbçilər sülh yaratmanın əlifbasını belə bilmirlər, 20 yanvar hadisələri zamanı küçə və meydanlara səpələnmiş başkəsən ordudan heç bir fərqləri yoxdur. Jurnalistin qələmi ilə çıxdığı sivil mübarizə meydanına PK pulemyotu ilə çıxan "sülhməramlı"dan nə gözləmək olar? Bunların komandanı Volkov isə əməlləri ilə dağ siçanını xatırladır, soyadına isə heç bənzəmir. Bir sözlə, Volkovdan qurd olmaz...

V.VƏLİYEV