Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə erməni mifini də məhv etdi ŞƏRH

9 Dekabr 2022 16:58 (UTC+04:00)

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisi işğal edilmiş, bir milyona yaxın soydaşımız daimi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdır. İşğal prosesi zamanı minlərlə soydaşımız qətlə yetirilmiş, xalqımıza qarşı Xocalıda, Meşəlidə, Qaradağlıda, Ağdabanda, Başlıbeldə soyqırımı hadisələri törədilmişdir. Eyni zamanda yaşayış məntəqələrimiz dağıdılaraq xarabazarlığa çevrilmiş, milli və dini abidələrimiz dağıdılaraq Azərbaycan izinin silinməsi istiqamətində əsl vandalizm həyata keçirilmişdir. Yuxarıda sadalanan vəhşilik aktlarına baxmayaraq Azərbaycan dövləti və xalqı hümanistlik göstərərək məsələnin beynəlxalq təşkilatların vasitəçiliyi ilə qan tökülmədən, danışıqlar yolu ilə həll edilməsinə razılıq vermişdi. Lakin ermənilər və onların havadarları Azərbaycanın məsələnin həllinə hümanist yanaşmanı düzgün qiymətləndirməyərək bunu Azərbaycanın zəifliyi kimi dəyərləndirdilər və danışıqlar prosesini imitasiya naminə davam etdirməyə üstünlük verdilər. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən dərhal sonra bəyan etdi ki, biz danışıqlar xatirinə danışıqlar aparmayacağıq. Cənab Prezident İlham Əliyev görəndə ki, nə Ermənistan, nə də problemin həllində vasitəçi rolunda çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrləri məsələnin həllini deyil, uzadılmasının tərəfdarı kimi çıxış edirlər, Azərbaycanın işğal olunmuş ərazilərinə Suriya, Livan və digər dövlətlərdən erməniləri köçürərək demoqrafik vəziyyəti dəyişməyə, Azərbaycan xalqını məğlubiyyətlə barışmağa çalışırlar. Bundan sonra cənab Prezident açıq şəkildə məsələnin yeni həll variantını, hərbi – siyasi həll yolunu bəyan etdi. Dövlətin bütün resurslarını səfərbər edərək güclü iqtisadiyyat formalaşdıraraq Ordu quruculuğuna xüsusi diqqət yetirdi və nəticədə müasir dövrün tələblərinə cavab verən qüdrətli Ordu yaratdı. Formalaşdırılmış qüdrətli Azərbaycan Ordusuna lazımi anda, uyğun şəraitdə irəli əmri verildi və cəmi 44 günlük Vətən müharibəsi Ermənistan üzərində möhtəşəm Qələbə ilə başa çatdı. Ermənistan Ordusu darmadağın edildi, Ermənistan kapituliyasiya aktına imza atmağa məcbur oldu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi və tarixi ədalət bərpa olundu. Azərbaycana yeni müharibə, yeni torpaqlar iddiası ilə hədə-qorxu gələn Ermənistan ordusunun silahlarının böyük bir hissəsi Azərbaycan Ordusu tərəfindən vurularaq məhv edildi, bir hissəsi isə qənimət kimi ələ keçirildi. Cənab Prezident İlham Əliyev tərəfindən olduqca müdrik qərar qəbul edilərək Ermənistan ordusundan ələ keçirilmiş hərbi texnikalardan ibarət “Qənimətlər Parkı” yaradıldı. Bu parkın yaradılması olduqca mühüm siyasi əhəmiyyət kəsb edir. Bu bir tərəfdən Ermənistanı əvəzsiz olaraq hərbi texnika ilə təmin edən Rusiyaya, digər tərəfdən isə Ermənistan və dünya erməniliyinə mesaj idi. Bu, o demək idi ki, siz Ermənistanı silahlandıraraq, hər tərəfli dəstək göstərərək Azərbaycanın ərazilərini əbədi olaraq işğal altında saxlamaq istəyirdiniz. Amma bacarmadınız. Azərbaycan Ordusu verdiyiniz silah – sursat və hərbi texnika ilə birlikdə Ermənistan ordusunu məhv etdi, bir hissəsini isə qənimət olaraq ələ keçirdi. 2020-ci ilin dekabr ayının 10-da keçirilmiş Hərbi Parad xalqımız və dövlətimiz üçün olduqca qürurverici hadisələrdən biridir. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Qalib Azərbaycan Silahlı Qüvvələrinin Azadlıq Meydanında təşkil olunmuş Hərbi Paradı Azərbaycan Ordusunun qüdrətini nümaiş etdirməklə yanaşı Azərbaycanla Türkiyənin bir millət iki dövlət olmasının təsdiqi idi. Qeyd olunan Hərbi Paradı hər iki dövlət başçısının birgə müşayət etmələri isə türk dünyasına düşmən olan qüvvələrə açıq mesaj idi.

Birliyimiz qalibiyyətimizdir!

Qarabağ Azərbaycandır!

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri.