Qanun pozuntusu: Yeniyetmələrə niyə siqaret satılır? - ARAŞDIRMA

9 Dekabr 2022 16:33 (UTC+04:00)

Azyaşlılara siqaret satışı qanunla qadağan edilsə də, satıcılar buna məhəl qoymurlar

Tütünçəkmə statistikası nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, tütünçəkmə XX əsrdə 100 milyondan artıq insanın həyatına son qoyub. Tütündən yaranan xəstəliklər hər il hər 5 milyondan artıq insanın həyatına son qoyur. Hazırda dünyada 1,5 milyarda yaxın insan tütün istehlakçısıdır. 2030-cu ilədək bu rəqəmin 2 dəfə artacağı gözlənilir. XXI əsrdə 1 milyard insanın tütündən yaranan xəstəliklərdən həyatını itirəcəyi gözlənilir.

ÜST-ün son siyahısında Azərbaycan ən çox tütün istehlak edən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə 22-ci yeri tutur. Təxmini hesablamalara görə, vətəndaşlarımızın hər 4 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözlə, Azərbaycanda 2 milyondan artıq siqaret istehlakçısı olduğu güman edilir ki. Bu sıraya daхil olanların içində gənclər və yeniyetmələrin də əhəmiyyətli payı var.

Yeniyetmələr və gənclər niyə siqaret çəkirlər?

Tütünə qarşı maarifləndirici kampaniyalar aparılsa da, respublika qanunvericiliyi tütün məmulatlarının KİV-lərdə, ictimai yerlərdə reklamını qadağan etsə də, siqaret çəkənlərin sayı azalmaq əvəzinə artır.

Rusiya, ABŞ, Çin, Yaponiya, İndoneziya, Türkiyə və Avropa Birliyi ölkələrindən fərqli olaraq, Azərbaycanda siqaret çəkənlərin tam əksəriyyətini kişilər təşkil edir. Bizdə siqaret çəkmə az qala kişilik atributu sayılır. Yeniyetmələr də bu zərərli ənənəni necə görürlərsə, elə də davam etdirirlər- ekspert deyir.

Psixoloq Nail Cəlilin fikrincə, yeniyetmələr dostlarından fərqlənməmək kimi psixodavranış motivinə malikdirlər: “Əgər yeniyetmənin dostları arasında siqaret çəkənlər çoxluq təşkil edirsə, onun buna meylinin artacağı ehtimalı yüksəkdir. Azərbaycanda yetkinlik yaşına çatan oğlanların 2/3-i siqaret çəkir. Bu səbəbdən də, əksər yeniyetmələrin ətrafında siqaret çəkənlər üstünlük təşkil edir və siqaret yalançı psixotipə çevrilir. Hətta, iş arası fasilənin “perekur” adlandırılması da buna təsir göstərir”.

Psixoloqun sözlərinə görə, tütün məmulatlarının çox baha olmaması da onların satışını artıran faktorlardandır: “Buna görə də siqaret əksər gənclər üçün ucuz başa gələn həzz obyektinə çevrilib. Məncə, ölkədə siqaretlərə yüksək vergi qoyulmalıdır ki, həm xeyli insan bundan çəkinsin, həm dövlət büdcəsinə artıq vəsaitlər daxil olsun”.

Böyüklər azyaşlıların siqaret çəkməsinə niyə reaksiya vermir?

Azərbaycanda 18 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Lakin, reallıqda bu qanunun tələblərinə riayət olunmur. Bu adi müşahidələr zamanı da, ictimai təşkilatların monitorinqləri zamanı da ortaya çıxır.

Hər birimiz adi müşahidələr zamanı da belə halların şahidi oluruq. Bunu satıcılara irad tutduqda və ölkə Parlamenti tərəfindən qəbul olunmuş qanunu xatırlatdıqda onlar müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışırlar. Satıcıların əksəriyyəti qeyd ediblər ki, uşaqlar siqareti adətən ataları üçün alırlar.

Adi müşahidələrimiz cəmiyyətin yaşlı təbəqəsinin də azyaşlılara və yeniyetmələrə siqaret çəkməyə görə irad tutmadıqlarını da göstərir. Hətta, hər birimiz yəqin ki azyaşlı uşaqların yaşlı kişilərdən siqaret yandırdığının və həmin yaşlının da həvəslə ona kibrit uzatdığının şahidi olmuşuq.

Bundan başqa, bir çox valideynlər uşaqlarının gözü önündə siqaret çəkir və ona pis örnək olurlar. Uşaqda hələ balacalıqdan siqaretin böyüklük atributu olması fkri formalaşır. Onlar çalışırlar ki, yaşlarından böyük görünsünlər.

Sosioloq: “Yeniyetmələrin səmərəli məşğulluğunun təmin edilməsi onları zərərli vərdişlərdən yayındıra bilər”

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlının fikrincə, valideynlər bu məsələyə ciddi diqqət verməlidirlər: “Bizim araşdırmalarımız göstərir ki, yaşı 18-ə çatmamış yeniyetmələr və gənclər arasında siqaret çəkənlərin sayının artmasının əsas səbəbləri arasında valideyn nəzarətinin zəifliyi və onların asudə vaxtının səmərəli təşkil edilməməsi dayanır.

Sosioloqun fikrincə, burada əsas faktorlardan biri də, ictimai qınaq və maarifləndirmədir: “Heç kəsə sirr deyil ki, son vaxtlar cəmiyyətdə böyük-kiçik münasibətləri pozulub, azyaşlılara maksimum sərbəstlik verilib ki, bu amillər də sözügedən problemin kəskinləşməsində öz rolunu oynayır.

İnkişaf etmiş ölkələrdən fərqli olaraq, fərqli olaraq, Azərbaycanda valideynlərin 70 faizi övladının idman seksiyası və başqa yaradıcı dərnəklərdə məşğul olmasını təşkil etmir. Buna görə də, uşaqlar özbaşına qalır, onlar böyüklərə oxşamağa çalışaraq siqaret çəkirlər”.

Ekspert burada valideyn məsuliyyətsizliyinin böyük rolunun olduğunu deyir. “Maraqlıdır- məgər valideynlər uşaqlarının siqaret çəkdikləri hiss etmirlər? Axı tütün iyi 5 metrdən bilinir. Deməli, günahın çoxu valideynlərdədir”- sosioloq bildirir.

SCH sədrinin sözlərinə görə, məktəblərdə kütləvi dərnəklərin, idman spartakiadalarının, fənn olimpiadalarının daha tez-tez təşkili də yeniyetmələrin zərərli vərdişlərdən aralı durmasına stimul yarada bilər: “Valideynlər isə övladlarını nəzarətdə saxlamalı, onların zərərli vərdişlərdən uzaq olması üçün səy göstərməlidir. Belədə, sağlam cəmiyyətin formalaşmasında böyük rolumuz ola bilər”.

Elektron siqaretlər sağlamlığa zərərdirmi?

Son vaxtlar elektron siqaretlərin istifadəsi artır. Elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin, onun tərkibində tənbəki yoxdur. Buna baxmayaraq, bəzi ölkələrdə elektron siqaretlər də adi siqaretlərlə eyni tutularaq, onların çəkilməsi də qadağan edilmişdir.

Elektron siqaretlər haqda yekun elmi rəy hələ ki verilməyib. Onların tam zərərsiz olduğu iddia olunur, amma bəzi mütəxəssislər tərkibində zərərli maddələr olduğunu ehtimal edirlər. Qeyd edilir ki, e-siqaretdə tapılmış nitrosamin maddəsi onun xərçəng xəstəliyi törədə bilər. Bir çoxları isə, belə məlumatların iri tütün şirkətləri tərəfindən mətbuata ötürüldüyünü düşünürlər.

Həkim Rizvan Məmmədov deyir ki, ağciyərlər üçün oksigendən başqa hər şey zərərlidir, bu cəhətdən elektron siqaretlərin də zərəri var. Lakin tütün çəkməyin yeniyetmələrin orqanizminə zərəri daha böyükdür və bir çox ağır xəstəliklərin birbaşa səbəbi tütündür: “Siqareti birdən-birə tərgitmək orqanizmdə digər хəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Ona görə də, gündə 2 ədəd siqaretdən vaz keçilməlidir. Bu təcrübəyə əməl olunsa, 1-2 aydan sonra siqareti tamamilə tərgitmək olar. Son vaxtlar təbii tərkibli müxtəlif müalicə vasitələri hazırlanıb ki, bunlar da orqanizmə zərər vermədən siqareti tərgitməyə yardımçı olur. Belə vasitələrin qiyməti o qədər də baha deyil, ən uzağı 1 aylıq siqaret xərci qədər olar”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” çərçivəsində hazırlanıb.