Qazandığımız hər uğurda qardaş Türkiyənin payı var ŞƏRH

9 Dekabr 2022 16:34 (UTC+04:00)

Azərbaycann Respublikası 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi. Lakin bu Zəfərin təməl daşları illər öncədən Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Cənab prezident İlham Əliyev tərəfindən zərgər dəqiqlityi ilə qoyulmağa başlamışdı. İllər ərzində Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü fəaliyyəti, yorulmaq bilməyən gərgin əməyi öz bəhrələrini nəhayət verdi. Məhs bu fəaliyyətin nəticəsində aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Yekunda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi zəmin formalaşmış oldu.27 sentyabr 2020-ci il Azərbaycan Ordusunun əks hücum əməliyyatına başladığı andan etibarən uğur və qələbə qəhrəman, yenilməz əsgərlərimizin tərəfində oldu. 44 gün ərzində ordumuz bir addımda olsa belə geriyə atmadı. Daim irəliyə doğru can atan şanlı ordumuzun yalnız bir müqəddəs amalı var idi – düşmən tapdağı altında inləyən Vətən torpağını azad etmək. 8 noyabr 2020-ci ildə müqəddəs qalamız olan Şuşa şəhəri ordumuzun nəzarətinə keçdikdən sonra Ermənistan ağır məğlubiyyətə uğradığını dərk edərək təcili sülh istədi. İki gün sonra 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktına imza atdı. Bu hadisə Vətən tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev qələbənin qazanılmasında xalqımız qarşısında misilsiz xidmətlər göstərdi. Məğlubiyyətə düçar olan düşmən daha da azğınlaşaraq insanlıq adına ən çirkin əməllərə əl atdı. Ermənilər döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı insanlıq adına ləkə olan hərbi cinayətlər törətdilər. Döyüş zonasından xeyli kənarda yerləşən şəhərlərimizi ballistik raketlərlə, fosforlu kasetli bombalarla atəşə tutdular. Düşmənin bu qanlı və cinayətkar hücumu nəticəsində 100-ə yaxın mülki vətəndaş, o cümlədən, uşaqlar, qadınlar həlak oldular. Dörd yüzdən çox mülki vətəndaş yaralandı, beş mindən çox ev dağıdıldı. Təəssüf ki, dünya ictimaiyyəti bu xain hücuma lazımi hüquqi qiyməti vermədi.10 dekabr 2020-ci ildə Türkiyə və Azərbaycan prezidentləri Azərbaycan ordusunun Zəfər paradını birlikdə qəbul etdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə dəstəyini açıq, birmənalı və sərt açıqlamalarla ifadə etməsi Azərbaycan xalqını çox sevindirdi. Azərbaycan Respublikası artıq Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu dövrünü yaşayır. İstər hərbi əməliyyatların davam etdiyi dövrdə, istərsə də Qarabağın, Şərqi Zəngəzurun barpasının davam etdiyi hal-hazır ki, günlərdə qardaş Türkiyə dövləti daim Azərbaycanın yanındadır. Qazandığımız hər uğurda qardaş Türkiyənin payı var.

Cavid Məmiyev

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini