Qəlbində vətən sevgisi hər şeydən yüksək olan Dahi Şəxsiyyət ŞƏRH

9 Dekabr 2022 16:30 (UTC+04:00)

Tarixdə tarixi şəxsiyyətlər çox olub, bu gün də var.Lakin fizioloji və psixoloji mahiyyətləri üst - üstə düşən, utopiyadan uzaq, qəlbində vətən sevgisi hər şeydən yüksək olan şəxsiyyətlər çox azdır. Məhz Ulu öndərimiz Heydər Əliyev belə bir tarixi şəxsiyyət olub. 90-cı illərin əvvəlləri elə bir dövr idi ki, dünya qlobal problemlərin nəhrində çalxalanır. Vətənimiz Azərbaycanda bu problemlərdən kənarda deyildi. Məhz belə çətin vəziyyətdə Azərbaycan rəhbərliyinə gətirilən ulu öndər Azərbaycanın özü boyda problemlərinin olmasına baxmayaraq, dövlətin istər xarici, istərsə də daxili funksiyasını öz üzərinə götürdü. İnzibati komanda iqtisadi sistemindən azad bazar iqtisadi sisteminə keçidi real yol bildi.Torpaq islahatını həyata keçirdi. Necə deyərlər, Azərbaycan gənc, müstəqil bir ölkə kimi özünün gələcək inkişaf yolunu müəyyənləşdirdi. Respublikada elə bir sahə qalmadı ki, həmin sahənin inkişafı istiqamətində islahatlar paketi işlənib həyata keçirilməsin.

Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Xalqın maraqları və dövlətimizin müstəqilliyinin qorunması Ulu öndər Heydər Əliyevin siyasətində hər zaman prioritet məsələ olub. Sevindirici haldır ki, bu siyasi kurs prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasi kursun dövrün tələblərinə uyğun olaraq uğurla həyata keçirilməsinin nəticəsidir ki, 27 sentyabr 2020- ci ildə başlanmış və cəmi 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycan şanlı zəfər əldə etdi. 30 ilə yaxın işgal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz əldə etməsinin, dünyada söz sahibinə çevrilməsinin təməlində məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mükəmməl, düşünülmüş siyasət dayanır. Bütün mənalı həyatını ölkəsinin tərəqqisinə, xalqının rifahının yüksəlməsinə həsr edən ulu öndərin Azərbaycan üçün gördüyü misilsiz xidmətləri Azərbaycan xalqı heç zaman unutmur və unutmayacaq. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri