Hər bir sahədə nümunə olan Ulu Öndər ŞƏRH

9 Dekabr 2022 15:09 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində qeyri - adi şəxsiyyət, müdrik, cəsarətli lider, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi kimi əbədi yer tutmuşdur. Əvəzolunmaz lider olan Heydər Əliyev respublikamızın ən çətin, ən böhranlı dövründə ölkəmizə sabitlik gətirərək Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi bugünkü davamlı inkişafının təməlini qoydu, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmətlər göstərdi.“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” deyən ulu öndər Heydər Əliyevin tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməyi ilə bərabər, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında da rolu əvəzedilməzdir.Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin imkanlarını məhz bu cür müəyyənləşdirirdilər. Hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Heydər Əliyev həm də zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı. Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi.

Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa və güclü hafizəyə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Auditoriya Heydər Əliyevi öz qarşısında Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan bir dilçi alim görürdü. Heydər Əliyev ən müxtəlif auditoriyalar qarşısında çıxış edirdi. Bu auditoriyaları öz parlaq çıxışları ilə fəth etmək yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb gələn nitqlə mümkün olur. Bütün bunlara nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir. Müxtəlif peşə sahiblərinin toplaşdığı zallar öz peşələrinə aid olan dəyərli sözləri eşidir, həmin peşələrə xas olan daxili məzmunun incələnməsinin şahidi olur, heyranlıqlarını gizlətmirlər. Bütün bu auditoriyalarda Heydər Əliyevin heç yerdə yazılmayan, heç kəs tərəfindən təkrar olmayan nitqinin şahidi olurduq. Məhz belə nitqlər daimi və yaddaqalan olur.

Ulu öndər bütün çıxışlarında mənəviyyat məsələlərinə toxunurdu. O deyirdi: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq, budur vətənpərvərlik”. Heydər Əliyev natiqliyi qarşısında keçilməz auditoriya yox idi. Siyasi liderin nitqinin gücü bir çox nitq elementləri – səmimiyyət, qətiyyət, nikbinlik, poetizm ilə şərtlənir ki, onlardan biri də böyük natiqin nitqindəki fəlsəfi fikirlərdir. Sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyev nitqlərinin əsas xüsusiyyətləri idi. Azərbaycan dilinə hopmuş poetiklik Heydər Əliyev nitqlərində müxtəlif auditoriyaları bəzəyirdi. Ümummilli Lider Heydər Əliyevin dünya səviyyəsində siyasi lider, dövlət xadimi kimi tanınmasında onun dövlətçilik fəaliyyəti ilə yanaşı natiqlik məharəti də ön planda olmuşdur.

Polad Ağakişiyev

YAP Qazax rayon təşkilatının məsləhətçisi