"2020-ci ildən bu günədək 249 ədəd təcili tibbi yardım avtomobili alınıb" - QURUM SÖZÇÜSÜ AÇIQLADI

9 Dekabr 2022 14:55 (UTC+04:00)

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni 65 ədəd təcili tibbi yardım avtomobili gətirilib. Yeni gətirilən avtomobillər müasir tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir: “Belə ki, Mercedes-Benz markalı təcili tibbi yardım avtomobillərindən 37 ədədi sadə differensiallı, 7 ədədi xüsusi 2 differensiallı, 20 ədədi reanimobil və 1 ədədi perinatal küvəzlidir. Avtomobillərin komplektasiyası iatənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Ambulanslar xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib.

Perinatal küvezli təcili tibbi yardım avtomobili isə tibb müəssisələrində anadan olan pataloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirir. Ambulanslara 8 milyon manata yaxın vəsait ödənilib. Qeyd edim ki, Agentlik tərəfindən 2020-ci ildən bu günədək ümumulikdə 249 ədəd təcili tibbi yardım avtomobili alınıb”.