IV Sənaye inqilabı, idarəolunan innovativ dron texnologiyaları - FOTO

9 Dekabr 2022 14:40 (UTC+04:00)

Tarixdə baş vermiş əksər inqilablar dağıdıcı təbiətə malik olsa da, haqqında bəhs edəcəyimiz inqilab yeni inkişaf modelinin qaçılmaz davamıdır. Son onilliklərdə istifadə edilən IV Sənaye İnqilabı ifadəsi tarixi aspektdən baxıldıqda müasir dünyanın tələbi kimi ortaya çıxmışdır. Bütün əhəmiyyətli beynəlxalq konfransların əsas mövzusu olan IV Sənaye İnqilabı əhatə dairəsini genişləndirməkdədir. Elmi-texnoloji inkişaf, xüsusilə rəqəmsallaşmanın sürətlənməsi IV Sənaye İnqilabını formalaşdıran təməl elementlərdən hesab edilir. XX əsrin 60-cı illərində III sənaye inqilabı baş vermişdi. Artıq istehsalat prosesində avtomatlaşmanın geniş miqyasda tətbiqi, kompüterləşmənin sürətlənməsi inqilabın növbəti mərhələsinin əvvəlkilərlə müqayisədə daha tez baş verəcəyinə zəmin yaratmışdır.

IV Sənaye İnqilabı bundan əvvəlki sənaye inqilablarının məntiqi davamıdır. Əvvəlki inqilabı dövrdə iqtisadiyyatın intensiv robotlaşdırılması baş verdi. Dünya iqtisadiyyatında sürətli iqtisadi artımın yaranması, ümumilikdə qlobal məhsuldan əldə olunmuş gəlir əsasında irimiqyaslı investisiyaların cəlb edilməsi yeni sənaye inqilabı üçün münbit şərait formalaşdırdı. Qlobal rəqabətin kəskinləşməsi şəraitində iri şirkətlər ekstremal şəraitdə çevik reaksiya göstərmək üçün yüksək texnologiyaların inkişafına investisiyalar cəlb etməyə başladı. Bunun nəticəsi olaraq, elmi-tədqiqat işlərinin sürətlənməsi müşahidə edildi.

Hazırda bəşəriyyət irimiqyaslı, mürəkkəb və heyrətamiz texnoloji innovasiyaların sürətlə inkişaf etdiyi, süni intellektin həyatımızın müxtəlif sferalarına daxil olduğu böyük bir dəyişikliklər dövründə yaşayır. Biz, artıq özündə buxar mühərriki, elektrik enerjisi, kompüter və internetin ixtirasını ehtiva edən üç sənaye inqilabını geridə qoyaraq, XX əsrin sonlarından etibarən bulud texnologiyaları, süni intellekt, robotlar, avtonom nəqliyyat vasitələri, üçölçülü çapetmə, nanotexnologiya, biotexnologiya və kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan IV Sənaye İnqilabı dövründəyik. Bu, IV Sənaye İnqilabı ilə III Sənaye İnqilabının vahid qlobal sənayedə birləşməsidir. Hazırda bu innovasiyaların çoxu başlanğıc mərhələsindədir, lakin fiziki, rəqəmsal və bioloji dünyalarda texnologiyalar birləşərək bir-birini gücləndirib inkişaf etdikcə, yeni bir sıçrayış nöqtəsinə yaxınlaşır.

Azərbaycanda da ən yüksək səviyyədə IV Sənaye İnqilabı mövzusu gündəmə gəlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “IV Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir”.

IV Sənaye İnqilabındakı bütün proseslər qlobal idarəetmə sistemində birləşir. Qlobal idarəetmə sistemində ən önəmli rollardan birini isə “dron texnologiyaları” oynayır.

Günü-gündən avtomatlaşan dünyada süni intellektlə çalışan dronlar, robotlar, o cümlədən robotexnika həyatın hər sahəsində artıq insanları uğurla əvəz edir (Şəkil 1).

“Drone” sözü ingiliscədən “bortunda ekipajı olmayan uçan aparat” mənasını daşıyır. “Dron” və “PUA” ifadələri sinonim kimi işlədilir və bu yalnışdır. “Dron” ifadəsi hər hansı bir pilotsuz uçuş aparatına (PUA) aid edilə bilər, yəni hər PUA drondur, amma hər dronun PUA olması doğru deyil. Dron sadəcə insansız bir vasitədir, yəni, ekipajı olmayan və radiosiqnalla idarəolunan bir aparatdır. Dronun uçması vacib deyil, amma PUA-nın uçması şərtdir. Məsələn, Qarabağda minaaxtarmada tətbiq etdiyimiz Türkiyənin “MEMAT” və “Bojena” maşınları drondur. Deməli, uçmayan pilotsuz vasitə PUA adlandırıla bilməz.

Dronlar ilk dəfə ABŞ-da hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə istifadə olunmuşdur. ABŞ-ın Texas, Nevada, Dakota ştatlarının bəzi şəhərlərində dronlar 24 saat patrul xidməti aparır. Bu dronlar xüsusi baza ilə təmin olunub. Belə ki, axtarışda olan cinayətkarlar haqqında məlumatlar dronların bazalarına yerləşdirilir. Xüsusi sensor və kameralar vasitəsilə şəxslərin simalarının identifikasiyası aparılır.

Dron texnologiyası bu gün elm və texnikanın geniş tətbiqi sahələrinə yol açmışdır. Uçuş dronları tiplərinə görə də 2 sinfə bölünür: təyyarə tipli dronlar düz qanada, vertolyot tipli dronlar pərlərə malikdir. Onlar ikili təyinatlı məmulatlar kimi həm hərbi, həm də mülki məqsədlərə xidmət edir, əsasən də nano, mikro, mini, midi və ağır çəkili konstruksiyalarda tətbiq olunur.

Dron texnologiyasında LTE - (long term evolution) inteqrasiya olunmuş yeni nəsil mobil infokommunikasiya - URLLC (ultra reliable low latency communications) standartı tətbiq olunur. Bu standart həm sənayenin avtomatlaşdırılması, robotexnika, sürücüsüz nəqliyyat vasitələri, ultra sensorlu distant idarəetmə və digər sferaları, həm də İnsan-İnsan (P2P), Maşın-Maşın (M2M), İnsan-Maşın (P2M) bağlantılı “avto-dialoq”ları təmin edir. Dronlar döyüş sahəsi haqqında ən çox lazım olan əməliyyat məlumatlarını rəqəmsal texnologiyalarla anında təqdim edə bilir, həmçinin fəzada yüksək görüntüləmə qabiliyyətinə malik optik əlaqəli radarlar vasitəsilə də döyüş sahələrini görən “göz”dür. Onlar, eyni zamanda geniş ərazilərdə gözətləmə və əks hücum proseslərini real vaxt rejimində ağır artileriya və hava qüvvələri ilə koordinasiyalı şəkildə yüksək dəqiqliklə icra edə bilir.

Dron texnologiyaları, xüsusən ölkələrin müdafiə kəşfiyyat əməliyyatlarının dəyişməz parçası oldu. Uzaqdan düşmənin koordinatını, bölgənin xəritəsini canlı şəkildə emal edə bilən PUA artıq düşmənə hücum edə bilmək qabliyyətini qazandı. İlk dəfə İsrail şirkəti “Harop” adlı PUA ilə həm kəşfiyyat, həm də hücum məqsədli testlərə başladı. Belə ki, düşmənin məntəqəsini təyin edib canlı görüntü göndərə bilən “Harop” PUA-sı lazım olduqda kamikadze kimi təyinat məntəqəsinə çırpılıb bomba effekti yaradır (Şəkil 2). 1000 km məsafəyə qədər uçuş edib, 6 saat havada qala bilən “Harop” ölkələrin tez bir vaxtda diqqətini çəkdi. İsrail şirkəti testləri və inkişaf proqramı üçün Azərbaycan, Almaniya, Hindistanı müttəfiq ölkə seçdi.

Vətən müharibəsində Azərbaycan Ordusu dronlardan geniş istifadə etmişdir. Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir.

Vətən Müharibəsində müxtəlif konfiqurasiyalı PUA-lar bir-biri ilə qarşılıqlı əlaqədə tətbiq edilirdi. Pilotsuz “An-2” təyyarələri düşmənin zenit-raket komplekslərinin (ZRK) əhatə dairəsinə daxil olmaqla onları aktiv rejimə keçməyə vadar edir, II qrup PUA hədəfləri aşkarlayır, III qrup isə hədəfləri məhv edirdi. III qrup həm zərbə və ya kamikadze dronlarından, həm də pilotlu aviasiya vasitələrindən ibarət olurdu. Azərbaycanın pilotlu aviasiyasına Qarabağ ərazisindəki PUA-dan hədəf göstərilməsi və qırıcının buraxdığı raketlərin sonradan PUA vasitəsilə hədəfə tuşlanması da yalnız Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus yeniliklərdir. Real döyüş əməliyyatında pilotsuz vasitənin pilotlu vasitəyə hədəf göstərməsini hərb tarixində ilk dəfə Türkiyə, ardınca isə Azərbaycan Silahlı Qüvvələri həyata keçirmişdir.

Son illərdə PUA bazarına sürətlə daxil olan Türkiyə fasiləsiz olaraq böyük uğurlara imza atır. Türkiyənin PUA-ların silahlı mübarizədə yeni tətbiq metodları, demək olar ki, bu sahə ilə maraqlanan bütün ictimaiyyətin diqqətini özünə cəlb etdi. 44 günlük Vətən müharibəsində dövründə ən məşhur pilotsuz təyyarə Türkiyənin “Bayraktar TB2” hücum dronudur (Şəkil 3). Bu dron bir neçə il əvvəl Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanıb, operatorun nəzarəti altında və ya müstəqil olaraq fəaliyyət göstərə bilir, kəşfiyyat, müşahidə və ya zərbə üçün istifadə oluna bilir. Türkiyənin “Roketsan Roket Sanayi ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal olunan lazerlə idarəolunan MAM (Mini Akıllı Mühimmat - Smart Mini Sursat) tipli bombaları daşıyır. “Bayraktar TB2” dron bazarında əsl ulduza çevrilib.

Türkiyə sənayesinin parlayan son ulduzu olan “Baykar Makina” dünyanın PUA texnologiya sahəsində real liderdir. Bir neçə NATO ölkələri ilə bərabər Yaponiyanın Türkiyə PUA-larına üstünlük verməsi də bunu sübut edir. “Akıncı” PUA-nın silahlanmaya qəbulu və ixracı ilə bağlı xəbərlər isə Türkiyənin bu sahədə dayanmaq niyyətində olmadığını, PUA bazarında ABŞ və İsrailə ciddi bir rəqib olduğunu nümayiş etdirir (Şəkil 4).

ZRK-lar əməliyyatlar zamanı passiv rejimdə müdafiə olunduğu üçün, onlar hücum edən aviasiya vasitələrinə daim məğlub olur. Məhdud zonada müvəqqəti üstünlük onların müasir versiyalarının say üstünlüyü və dəqiq eşalonlaşdırılması ilə mümkün ola bilər, lakin Türkiyənin fərqli siniflərdən olan PUA-nın qarşılıqlı əlaqədə yeni tətbiq metodları artıq “məhdud zonada müvəqqəti üstünlük” versiyasını da sıfırlayıb. Türkiyə və İsrail istehsalı olan PUA Rusiya ZRK-ların real döyüş imkanlarını ortaya çıxardı. Rusiyanın istehsal etdiyi Hava Hücumundan Müdafiə (HHM) kompleksinin son müharibələrdə məhv edilməsi Moskvanın müdafiə sanayesi sektoruna ağır zərbə oldu. Rusiyanın müasir HHM sistemləri Türkiyə PUA-nın hücumlarının qarşısını almaq imkanına malik olmadı.

Bu gün Türkiyə PUA-ları artıq inkişaf tempinə görə həm analoqlarının, həm də pilotsuz vasitələrə qarşı tətbiq edilən HHM sistemlərinin inkişaf tempini dəfələrlə üstələyir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də mövcud potensialını vacib istiqamətlər üzrə genişləndirir, Türkiyə ilə imzalanan sənədlərin icrası istiqamətində əməli addımlar atır. İstənilən halda, Türkiyə müdafiə sənayesi XXI əsrdə dünyanın silah bazarında oyun qaydalarını müəyyənləşdirən və öz ədalətli şərtlərini diktə edən bir ölkəyə çevriləcək.

Müdafiə Sənayesi nəzdində PUA-lar üçün xüsusi araşdırma və inkişaf proqramı mövcuddur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” PUA-nın seriyalı istehsalına başlanmışdır (Şəkil 5).

Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-sı Azərbaycan Ordusunun istifadəsindədir. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən yerli istehsal olan “Aerostar” tipli taktiki, “Orbiter-3” tipli mini taktiki, “Orbiter-2” tipli mini kəşfiyyat PUA-dan, “Zərbə” kamikadze və “İti qovan” dronlarından aktiv istifadə olunmuşdur.

Bakı Mühəndislik Universiteti (BMU) Koreyanın İnha Universiteti ilə birgə dron texnologiyaları üzrə mütəxəssis hazırlığına başlamışdır. Bu sahə üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi BMU ilə İnha Universiteti arasında cari ildən icrasına başlanılan ikili diplom proqramı əsasında gerçəkləşir. Gələcəkdə Azərbaycanın hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində “Dron mühəndisliyi” ixtisasının təşkili və qurğuların BMU-nun Texnoparkında prototiplərinin hazırlanması planlaşdırılıb. BMU, “Dron mühəndisliyi” ixtisasının hazırlanması istiqamətində xarici tərəfdaş universitetlər və transmilli şirkətlərlə də intensiv işlər aparılır.

Dronlar hərb sahəsində olduğu kimi, mülki məqsədlər üçün də hüquq-mühafizə orqanlarında tətbiq olunur. Mülki təyinatlı PUA-lar kənd təsərrüfatında, təcili tibbi yardım xidmətlərində (xilasetmə, polis, ambulans), mədən sənayesində, tikintidə, geodeziya və kartoqrafiyada, nəqliyyat, daşınma və çatdırılma sektorunda, kütləvi informasiya və mediada, təbiəti mühafizədə, elm və təhsil sahəsində, rabitə və əlaqənin təşkilində, şəkil və video çəkilişlərdə geniş istifadə olunur. Arxeologiya sahəsi, atom elektrik stansiyalarının monitorinqi, böyük şəhərlərdə ictimai asayişin polis tərəfindən qorunması, kuryer xidməti, boru kəmərlərinin və elektrik xətlərinin monitorinqi, internet şəbəkə əhatəsini yaxşılaşdırılmasında, telekomunikasiya xidmətlərində istifadəsi isə yeni tətbiq sahələridir.

Dünyanı bürümüş COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün ABŞ, Çin, Almaniya, Avstraliya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə dronlardan hadisə yerinə qan ehtiyatının çatdırılması məqsədi ilə istifadə olunmuşdur.

Nəticə

Dron pilotsuz uçan aparat texnologiyası olmasına baxmayaraq, adı ölümlə birlikdə çəkilir. Bunun səbəbi dronların hərbi sahədə istifadəsinin artması və bomba daşıma xüsusiyyətinə malik olmasıdır. Halbuki dronlar texnologiyanın, yardım fəaliyyətlərinin, səhiyyə sektorundakı nailiyyətlərin mühüm hissəsidir. Bu mühüm texnologiya qan tökmək üçün deyil, yardımlaşmaq üçün istifadə edilməlidir. Dronların bu istiqamətdə istifadəsi dövlətlərə iqtisadi mənada da mühüm töhfə ola bilər.

Sevindirici haldır ki, dronların dinc məqsədlər üçün istifadə edildiyi bir çox layihə yavaş-yavaş həyata keçir. Sürətlə inkişaf edən texnologiya sayəsində dronlar həyatı asanlaşdıra bilər. Dron uçuş məsafəsi və daşıya bildikləri yük tutumu artdıqca daha da faydalı olacaq. Proqram təminatı ilə heç kimin nəzarətinə ehtiyac olmadan öz işlərini görmələri isə böyük rahatlıqdır.

Xülasə. Dron –pilotdan uzaq məsafədən əmr alan və ya avtonom uçuş üçün proqram təminatından istifadə edən hava vasitəsidir. Dronlar vizual məlumatları toplayan kameralara və uçuşu sabitləşdirən (stabilləşdirən) pərlərə malikdir.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert