Heydər Əliyevin milli dövlətçilik konsepsiyası

9 Dekabr 2022 13:54 (UTC+04:00)

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu olaraq çağdaş tariximizə möhrünü vuran Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti və əzmkar fəaliyyəti nəticəsində ölkəmiz müasir, demokratik, hüquqi və dünyəvi dövlət olaraq yüksək imicə sahibdir. Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovet məkanında yaşadığımız dövrdə Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin ən mühüm və ən əhəmiyyətli uğurlarından biri azərbaycançılıq məfkurəsinin, milli özünüdərkin inkişafı oldu. Milli mənafelər üzərində qurulan Heydər Əliyev idarəçiliyi Azərbaycanın milli inkişaf strategiyasının təməlini qoymaqla milli şüurun inkişafına təsir göstərmişdir. Bütün mənalı ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün əməli fəaliyyəti ilə doğma xalqının əbədi məhəbbətini qazanaraq əsl Ümummilli Liderə çevrilmişdir. Ulu Öndər həmişə xalqla birgə olduğunu, onun taleyi ilə yaşadığını tarixi xidmətləri ilə sübut etmişdir.Ümummilli Lider Heydər Əliyevin istər sovet məkanında yaşadığımız illərdə - 1969-cu ildən başlayaraq, Azərbaycanın Birinci Katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də ölkəmizin dünya məkanında özünəməxsus yer tutması Onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ictimai-siyasi proseslərə, ümumi mənzərəyə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövlətinin uçurumla üzləşdiyi bir zamanda cərəyan edən hadisələrə biganə qalmayan Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə böyük fədakarlıq göstərmişdir. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. 1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. 1990-cı il iyul ayının 22-də Heydər Əliyevin Naxçıvana gəlməsi, elə həmin ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağının qaldırılması böyük hadisə idi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış YAP-ın yaradılması Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biridir. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atmışdır. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır. Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq".

1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ölkəmizin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu, vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideyası idi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Ümummilli Lider Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirdi. Dahi Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyirdi: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir". "Əsrin Müqaviləsi"nin tərəfdaşı olan ölkələrin, demək olar ki, hər biri dünyada böyük nüfuza və gücə malik ölkə idi. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu.

1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə ölkədə demokratik islahatlar aparıldı. Müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi. Milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyev hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Ötən on doqquz il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hər birini yerinə yetirmişdir. Möhtəşəm nailiyyətlərin əldə olunması Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Müasir dövrümüzdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir.

Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaratmış oldu. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Xalq-iqtidar birliyi bizi Zəfərə, Qələbəyə apardı. Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Daim azərbaycanlı olması ilə fəxr edən Ulu Öndərin ruhu şaddır. 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımız azadlığına qovuşmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Müasir Azərbaycanın bugünki inkişafı, təhlükəsizlik və sabitlik məkanına çevrilməsi, sosial-ictimai həyatda əldə olunan nailiyyələr beynəlxalq müstəvidə ölkəmizin mövqeyini möhkəmlədib və bu Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini