Ya şərtlərlə razılaşmaq, ya da Bakının güc yolu tətbiqi! SİYASİ RAKURS+ÖZƏL

9 Dekabr 2022 12:20 (UTC+04:00)

Hikmət Hacıyev: “Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir”

Beləliklə, Ermənistan rəhbərliyi son davranışları ilə növbəti dəfə dolayısı ilə etiraf etdilər ki, onların Azərbaycanla sülh razılaşmasını imzalamaq maraqları yoxdur və bu reallıq özünü nəinki Nikol Paşinyan iqtidarının timsalında, eləcə də Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərindəki separatçı tör-töküntülərinin fəaliyyətlərindən də açıq-aydın görünməkdədir. Mövcud vəziyyətin analizini apararkən, eləcə də nəticələrin proqnozlarını müəyyən edərkən bir neçə cəhətdən bənzər nəticələrə gəlmək mümkündür.

Armen Qriqoryanın nağılları keçərli deyil

Elə isə gəlin məsələyə bir neçə aspektdən yanaşaq. Belə ki, Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan jurnalistlərə verdiyi müsahibəsində sülh razılaşmasının 2 mətninin olduğunu bildirib. Onlardan biri Bakı, digərinin isə Moskva tərəfindən İrəvana təqdim edildiyi qeyd olunur. Bakının təqdim etdiyi mətndə ərazi bütövlüklərinin qarşılıqlı olaraq tanınması, İrəvanın isə bundan sonra heç vaxt ərazi iddiaları irəli sürməməsi xüsusi olaraq vurğulanır. Moskvanın təklifi isə RSK-nın müvəqqəti yerləşdiyi Qarabağ regionundakı vəziyyəti dondurmaqdan ibarətdir. Söz yox ki, belə bir təklif Azərbaycan tərəfindən əsla qəbuledilməzdir və fakt ondadır ki, istənilən dondurulumş məsələ nəticə etibarı ilə növbəti hərbi əməliyyatlara gətirib-çıxarır. Təbii ki, Moskva da bunu çox gözəl anlayırlar və eyni zamanda, o da sirr deyil ki, hazırda Ermənistanda mövcud olan Rusiya həmin mövcudluğunu Azərbaycanda da davamlı olaraq, yəni məsələni dondurmaq yolu ilə reallaşdırmağa cəhd edir.

Bakı Moskvanın Qarabağı Abxaziyaya, yaxud Cənubi Osetiyaya döndərilməsinə heç vaxt izn verməyəcək

Belə olan halda isə RSK ilə separatçıların gizli, ya da açıq əməkdaşlıqları nəinki çiçəklənəcək, həm də Bakı ilə Moskvanın münasibətlərinə ciddi xələllər vuracaq. Nəzərə alsaq ki, Azərbaycan RSK-ya rəsmi mandat verməyib, eləcə də son vaxtlar RSK-nın yerləşdiyi ərazilərdə haqlı irad və tələblərini irəli sürür, təzyiqlərini artırır, bu zaman əminliklə nəticə hasil edə bilərik ki, rəsmi Bakı Moskvanın Qarabağı Abxaziyaya, yaxud Cənubi Osetiyaya döndərilməsinə heç vaxt izn verməyəcək. O da məlumdur ki, RSK-nın Qarabağda uzun müddətli qalması üçün separatçılarla yanaşı, İrəvan da Moskvaya yeni qeyri-rəsmi müraciət ünvanlayıb. Həmin müraciətdə Qarabağda müvəqqəti yerləşmiş RSK təmsilçilərinin ailələrinin də bu ərazilərə gətirilməsi istənilir. Yəni onlar bu addımları ilə kontingentin Azərbaycan ərazilərində uzunmüddətli qalmasına, işğal faktının isə davam etməsinə cəhd göstərirlər. O cümlədən, cinayətkar rejimin rəhbərliyi onlara qarşı hər hansı hərbi əməliyyatlar başlayarsa bu zaman həmin əməliyyatların RSK-ya qarşı da aparılması barədə hay-küy salmağa başlayacaqlar.

Hikmət Hacıyevə görə, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək

Bu arada, daha bir amili də xatırlatmaq yerinə düşərdi. Armen Qriqoryan jurnalistlərlə söhbətində yalan uyduraraq bildirib ki, guya erməni tərəfi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin təminatı üçün Azərbaycanla birgə beynəlxalq mexanizmlərin yaradılması barədə ümumi razılıq əldə ediblər və s.

Lakin Qriqoryanın yalanı ayaq tutsa da yeriməyib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır. Onun sözlərinə görə, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək. “Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir”, deyə qeyd edən Hacıyev İrəvana tövsiyə edib ki, destruktiv əməllərini icra etməkdənsə regionda sülhün əldə olunması istiqamətində addımlar atsın: “Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik”.

Nəticədə erməni tərəfinin (istər rəsmi İrəvanın, istərsə də Qarabağdakı separatçıların) yeganə çıxış yolları var – ya Bakının üçtərəfli bəyanata əsaslanan tələblərini qeyd-şərtsiz icra etmək, ya da Bakının güc yolu tətbiq etməkdən başqa yolu qalmır. Seçim erməni tərəfinindir...

Rövşən RƏSULOV