30 milyard dollarlıq müqavilə imzalandı

8 Dekabr 2022 23:24 (UTC+04:00)

Çin lideri Si Cinpin Ər-Riyada səfəri çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd ibn Salmanla görüşüb. SİA xəbər verir ki, Səudiyyənin ABŞ-la münasibətlərinin gərginləşməsi fonunda baş tutan görüş zamanı tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Səudiyyənin SPA adlı dövlət xəbər agentliyi bildirir ki, Çin və Səudiyyə firmaları yaşıl enerji, informasiya texnologiyaları, bulud xidmətləri, nəqliyyat, tikinti və digər sektorlara investisiya üçün 34 müqavilə imzalayıblar. Bundan əvvəl dövlət agentliyi iki ölkənin 30 milyard dollar dəyərində ilkin müqavilələr bağlayacağını elan edib.

Çin lideri neft nəhənginin faktiki hökmdarı olan Məhəmməd bin Salmanla danışıqlar aparıb. Si Cinpin ərəb ölkələri ilə əlaqələrdə "yeni bir dövrün" başladığını bildirib.

Səudiyyə mediasında dərc olunan məqaləsində Çin lideri Pekinin ərəb dünyası, Körfəzdəki ərəb ölkələri və Səudiyyə Ərəbistanı ilə əlaqələrdə yeni dövrü açmaq üçün bu ölkəyə səfər etdiyini qeyd edib. O bildirib ki, Çin və ərəb ölkələri daxili işlərə qarışmamaq prinsipini əldə rəhbər tutmağa davam edəcəklər.

Qeyd edək ki, ABŞ Çin liderinin Səudiyyə Ərəbistanına səfərinə münasibət bildirib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, səfər Çinin bütün dünyaya təsir göstərmək cəhdlərinin növbəti nümunəsidir və bu səfər ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətini dəyişməyəcək: "Biz Çinin bütün dünyada böyüməyə çalışdığı təsiri nəzərə alırıq".