"F-16" mövzusunda ABŞ ilə danışıqlar konstruktiv keçirilib

8 Dekabr 2022 20:08 (UTC+04:00)

"ABŞ Konqresi Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq Milli Müdafiə Səlahiyyət Qanununun yekun mətnində Türkiyənin "F-16" alması ilə bağlı mənfi maddələrin olmaması müsbət haldır".

Bunu xarici işlər Naziri Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəliyində Moldova baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Görüşün sual-cavab hissəsində ABŞ Nümayəndələr Palatasında Türkiyenin "F-16" qırıcılarını almasını məhdudlaşdıran maddələrin götürülməsi ilə bağlı suala cavab olaraq Çavuşoğlu "F-16" mövzusunda ABŞ ilə danışıqların konstruktiv keçdiyini bildirib.

Çavuşoğlu ABŞ rəhbərliyinin də ikitərəfli görüşlərində və açıqlamalarında Türkiyənin "F-16" almasını tam dəstəklədiyini bildirib:

"Onlar da bunun NATO üçün son dərəcə faydalı olduğunu vurğuladılar”.

İndoneziyanın Bali şəhərində keçirilən G20 Sammitində prezident Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ prezidenti Co Baydenin də dəstəyini çatdırdığını vurğulayan Çavuşoğlu deyib:

"Burada Konqresin rolu da vacibdir. Ona görə də Konqresin rolu da müsbət olmalıdır. Nəticədə səsverməyə çıxarılacaq bu Milli Müdafiə Səlahiyyəti Qanununun yekun mətnində mənfi maddənin olmaması müsbət haldır, biz bunu alqışlayırıq. İndi bunu yekunlaşdırmaq lazımdır. Bu qanun da təsdiqlənməlidir. Bizim "F-16"ların alınması və mövcud olanların modernləşdirilməsi artıq bir prosedur olaraq tamamlanmalıdır. Bu, hamının marağındadır”.

Çavuşoğlu qeyd edib ki, Türkiyə daha əvvəl hər hansı şərtə tabe olduğu zaman "F-16" almağın bir mənası olmadığını bildirdi.