Ölkəmizdə iki milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir

8 Dekabr 2022 17:49 (UTC+04:00)

Artıq çəki dünyada kifayət qədər ciddi problemə çevrilir. Bu, Azərbaycanda da öz əksini göstərir Ölkəmizdə iki milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu isə əhalinin 20 faizini təşkil edir və kifayət qədər ciddi rəqəmdir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib.

Z.Əliyev bildirib ki, piylənmə və artıq çəki 200-dən çox xəstəlik və fəsada yol açır: "Artıq çəkinin Azərbaycanda da şəkərli diabetdən, hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının artmasında böyük rolu var. 2020-ci ildə şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı 250 min civarında idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb. Bu rəqəmlər ancaq qeydiyyatda olan xəstələri əhatə edir".