Zəfər Paradı yaddaşlarda əbədi qalacaq – DEPUTAT ŞƏRH ETDİ

8 Dekabr 2022 17:36 (UTC+04:00)

“Zəfər Paradı müasir Azərbaycanın tarixində möhtəşəm və unudulmaz hadisə kimi yaddaşlarda qalacaq. Böyük Qələbə şərəfinə paytaxtın Azadlıq Meydanında keçirilmiş Zəfər Paradında 3 minə yaxın əsgər və zabitimizlə yanaşı, qardaş Türkiyənin silahlı qüvvələrinin əsgər və zabitlərinin də iştirakı iki ölkənin birliyinin, bütövlüyünün nümayişi idi. Yerli və xarici qonaqların, diplomatik korpus nümayəndələrinin də tədbirə qatılmaları parada bir ayrı rəng verirdi. Şuşa şəhərinə sancılmış qələbə bayrağının Parada gətirilməsi hər birimizi qürurlandırdı, möhtəşəm hisslər yaratdı”. Buni SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Zəfər Paradının ildönümü yaxınlaşdıqca, istər-istəməz o günlərə qayıdırıq, Ordumuzun, xalqımızın, Ali Baş Komandanımızın əzəmətinə bir daha nəzər salırıq: “44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün yeni xəbərlər alırdıq, Azərbaycan Ordusunun irəli getdiyi barədə Prezidentimizin verdiyi məlumatları eşidəndə sevincimizin həddi-hüdudu olmurdu, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Əsgər və zabitlərimiz yalnız bir amalla vuruşurdu, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Müharibə dövründə xalqımızın mətnliyi, mərdliyi, bir yumruq kimi birləşməsi, vahid komandanlığa, İlham Əliyevə sadiq qalması birliyimizi və gücümüzü daha da artırdı. Ordu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi. Əslində bu, həm içimizdəki, həm də çölümüzdəki düşmənlərə mesaj idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Azərbaycan tərəfindən icra edilməsi 30 illik ədalətsizliyə son qoydu, həm də Azərbaycan xalqının başını ucaltdı, düşməni xar etdi”.