Canlı şaxsey-vaxsey - KÖŞƏ

8 Dekabr 2022 13:54 (UTC+04:00)

Deyirdilər, insanın özünü biabır etməsi üçün an lazımdır, inanmırdıq. Deyirdik, sözdür də, deyirlər. İki gün əvvəl Tik-tok sosial şəbəkəsində anası ölən bir qızın şaxseyini selfi edib canlı paylaşmasını görərkən anladım ki, hə, adamın özünü biabır-rüsvay etməsi üçün andan da az vaxt lazımmış. Vallah, xəcalətimdən yer ayrıldı, girdim içinə. Sonra da özümə sual da verdim ki, sən niyə xəcalət çəkirsən, bunu ki, paylaşan ayrı adamdır. Amma nə bilim...

Çox yəqin, yəqindən də yəqin ki, bu videonu izləyənlər içərisində mənim kimi xəcalət çəkən yüzlərlə adam olub. Məni anlayanlar çox olar ki, bu, mentalitetdən irəli gəlir. Bizdə başqasının yerinə utanmaq hissi var.

İlahi-pərvərdigara, anasını itirən bir insan acısı üzərinə neçə telefonu əlinə ala bilər, dedim. Necə şaxsey-vaxseyini çəkib paylaşa bilər? Dəlidir bu, nədir? Yox, dəli deyil, onu dəli edən zamandı, zəmanədi.

İnanın Allaha, çox insanın artıq başı xarab olmaq üzrədir. Bunun bir neçə səbəbi var. Baş niyə xarab olur, insan necə olur ki, oynamaq üçün utanmır. Hansı ki, bizə öyrətmişlər ki, utanmasan oynamağa nə var ki?..

Hə, artıq utanma hissi azalmaqdadır. Ən dəhşətlisi də elə budur. Utanma hissi ki, azaldı və yox oldu, onda bizim bəyənmədiyimiz heyvanlardan nəyimiz fərqlənir ki? Bir də axi bu heyvanlarla nə işimiz var? İndi onlar bəzi insanların yanında mədəniyyət, ədəb nümunələridir.

Başımızı xarab edən ən birinci yediklərimizdir, sözsüz. Vallah bəzi mənşəyi bilinməyən qidalar bizi bu günə qoyacaqdı da, bunu çoxdan fikirləşməliydik. Həm də çox şey fikirləşməliydik.

Başımızı xarab edən və utanma hissimizi ərşə qaldıran amillərdən biri də eyni zamanda qapılarımızla birlikdə pəncərələrimizi də yeni texnologiyalara açmağımız oldu. Bu texnologiyalarla bizim başımıza nə yeritdilərsə, oduq belə. Bir gün, iki gün, bir də gördük ki, İlahi, utanmaq hissi ərşə çəkilir.

Açıb ailəmizin sirrini sosial şəbəkələrdə paylaşdıq, guya ki, dərdləşirik ətrafımızla. Evdə nə bişirdiksə, nə yediksə, qoyduq bu sosial şəbəkələrə, dedik, baxın. Hamı da baxdı, yediklərimizi həftələrlə, aylarla tapıb yeyə bilməyənlər bizi qınadıqca, biz qızışdıq.

Sonra başladıq uşaqlarımızı sosial aktiv etməyə. Dünyaya gəlməsindən başladıq aybaay reklama. Ay bu gün bir ayı, sabah beş ayı, ay bu gün diş çıxardı, sabah bu diş oldu 3, birisi gün 5 oldu və sair və ilaxır... Ad günü, süfrələr, qonaqlar, hədiyyələr, videolar, şəkillər, əttökən-əttökən nələr, nələr...

Əşi ta ağını çıxardıq ey... Toy qaldı, düyün qaldı, ev-eşik qaldı, həyət-baca qaldı, hər şeyi paylaşdıq.

Çıxdıq millətin gözü qarşısında makyaj etdik, paltar geyindik, soyunduq...

Çıxdıq millətin qarşısında rəqs etdik, həm də harada, küçənin ortasında. Oğlanlı-qızlı, qocalı-cavanlı...

Nəvə-nəticələrimiz yaşlı nənə-babalarını çəkib sosial şəbəkələrdə məsxərə mözusu etdilər. Baxdıq, güldük, uğunduq.

Gənc qızlar, oğlanlar özlərini min formada çəkib paylaşdılar, yenə gülümsədik, xoşumuza gəldi.

Bütün bunları etdikcə utanma hisslərimizi bir-bir dəfn etdik, torpağa tapşırdıq.

Dünənədək bir manat pul, bir kəllə qənd, bir molla ilə baş tutan evliliklər gün o gün oldu ki, bir yox, iki yox, üç yox, dörd-beş ağır mərasimlərlə reallaşa bildi. Hər biri də bütün detayları ilə sosial şəbəkələrdə. Nə utandıq, nə də ki usandıq. Paylaşdıqca qızışdıq, qızışdıqca, utanma hissini itirdirk .

Zaman gəldi yetişdi, anamız rəhmətə getdi. Bunun da ilkini etdik. Ağrı-acımızı həmin o qız kimi çəkib paylaşdıq. Düşünürəm ki, Allah eləməmiş, görəsən bu qız bunu dəbə salmadı ki? Görəsən ta bundan sonra hamı ölüsünün şaxsey-vaxseyini paylaşacaq?

Hə, ölmədik, qaldıq, bu günləri də gördük. Hər şey bir yana, ölülərimizi paylaşmağımızı ağlımıza belə gətirməzdik. Yox, səhv etdim. Ölülərimizi çoxdan paylaşırıq. Ay bu nədir, doğum, ölüm ildönümüdü, ay bu nədir, atam yadıma düşdü, ay bu nədir, anamı yuxuda gördüm və sair, ilaxır, paylaşırıq. Ta yatardıq, yuxumuza girməzdi ki, əzizimizin şaxsey-vaxseyini də sosial şəbəkələrdə paylaşarıq.

Nə deyim, ta burada sözüm bitir. Allah alıb onsuz da, yerdə qalan az-maz ağlımızı almasın barı...

Mətanət Məmmədova