ABŞ Konqresində erməni-yunan fiaskosu ANALİTİKA

8 Dekabr 2022 12:18 (UTC+04:00)

ABŞ-da bir reallığı anlayanlar - Azərbaycan və Türkiyənin maraqları əleyhinə qəbul edilən istənilən qərarlar və qətnamələr son anda ABŞ-ın dünyadakı nüfuzuna da ciddi xələllər vura bilər

ABŞ Konqresində 2023-cü il müdafiə büdcəsi layihəsinin yekun variantında Nümayəndələr Palatasının və Senatının silahlı qüvvələr komitəsinin üzvləri olan, eləcə də ermənipərəst və yunanpərəst konqresmenlərin təşəbbüsü ilə irəli sürülən Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş məqalələr yer almayıb. Belə ki, sözügedən məqalələrin qərəzlilik kontekstindən fərqli olaraq, ikipalatalı müvəqqəti komitənin birgə izahatı sənədində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş son toqquşmalara neytral yanaşma ifadə edilir, həmçinin hər iki ölkə diplomatik səyləri aktivləşdirməyə çağırılır.

Azərbaycan və Türkiyə əleyhinə geri qaytarılmış maddələr hansılardır?

Sözügedən sənəddə həmçinin qeyd olunur ki, təcili olaraq Nümayəndələr Palatasının 2022-ci il iyulun 14-də qəbul etdiyi qanun layihəsində göstərilən “Azərbaycanın “Dağlıq Qarabağdakı” (bundan sonra Qarabağ iqtisadi rayonu) fəaliyyəti haqqında 2020-ci ildə hesabat” Pentaqona təqdim edilməlidir. Qeyd edək ki, bu hesabat 2022-ci il iyunun 30-dan gec olmayaraq (2022-ci ilin müdafiə büdcəsi haqqında qanunun imzalanmasından 180 gün sonra) verilməli idi.

Nümayəndələr Palatasının 2022-ci il iyulun 14-də qəbul etdiyi qanun layihəsində yer alan Azərbaycan və Türkiyə əleyhinə geri qaytarılmış maddələr isə aşağıdakılardır:

“Konqresin Azərbaycan hökumətinin bütün erməni hərbi əsirləri və əsir götürülmüş mülki şəxsləri dərhal geri qaytarması barədə rəyi” araşdırılacaq;

“Müdafiə nazirinə “Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv edilməsi ilə bağlı tələblərin nəzərdən keçirilməsinin təfərrüatlarını sənədləşdirməyi və Azərbaycan hökumətinə təhlükəsizlik sahəsində yardımın Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə xələl gətirib-gətirməməsi barədə hesabat verməyi” tapşırılacaq;

Qeyd edək ki, prezidentin Türkiyəyə F-16 qırıcılarına, eləcə də onların modernləşdirilməsi üçün texnologiyaların və komplektlərin verilməsinə qoyulan qadağa da araşdırılacaq. Belə ki, ABŞ Türkiyəyə F-16 satışını məhdudlaşdıran hərbi büdcə maddələri ilə bağlı qanun layihəsindən çıxarmışdı.

Məsələ həm də ondadır ki, Qafqaz regionunda və dünyada istər Azərbaycanın, istərsə də Türkiyənin rolları daha çox artmağa başlayıb və yaranan təhlükələrin də qarşısını almağa məhz bu iki ölkə səy göstərmək gücündədir

Onu da xatırladaq ki, müvəqqəti ikipalatalı komitə tərəfindən müzakirə edilən 2023-cü il müdafiə büdcəsi qanun layihəsinin yekun variantı Konqresin hər iki palatasındakı oxşar qanun layihələri üzərində qurulur və qısa müddət ərzində həm Nümayəndələr Palatasında, həm də Senatda ümumi yığıncaqda təsdiq üçün təqdim olunacaq.

Beləliklə, ABŞ-ın qanunverici orqanlarında yer alan erməni və yunan lobbilərinə bağlı konqresmenləri və senatorları gözləmədikləri halda ciddi fiasko ilə qarşılaşıblar. Söz yox ki, bu kimi faktın arxasında dayanan daha bir amil ABŞ-da sağlam düşüncəli insanların doğru nəticə çıxarmaları da dayanır. Məsələ həm də ondadır ki, Qafqaz regionunda və dünyada istər Azərbaycanın, istərsə də Türkiyənin rolları daha çox artmağa başlayıb və yaranan təhlükələrin də qarşısını almağa məhz bu iki ölkə səy göstərmək gücündədir. Təbii ki, ABŞ-da da bu reallığı anlayanlar var və bütün hallarda Azərbaycan və Türkiyənin maraqları əleyhinə qəbul edilən istənilən qərarlar və qətnamələr son anda ABŞ-ın dünyadakı nüfuzuna da ciddi xələllər vura bilər. Görünür, ABŞ Konqresində 2023-cü il müdafiə büdcəsi layihəsinin yekun variantında Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş məqalələrin yer almaması da həmin gerçəkliyi əks etdirməkdədir.

Xatırladaq ki, 2022-ci ilin 14 dekabr tarixində Bakı vaxtı ilə saat 19:00-da ABŞ Konqresinin Nümayəndələr Palatası komitəsində Qafqazda Amerika siyasəti üzrə dinləmələr keçiriləcək.

Rövşən RƏSULOV