"Xoşbəxtlik nisbi anlayışdır. Məsələn, uşağın xoşbəxt olması ilə, böyüklərin xoşbəxt olması arasında fərqlər böyükdür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, elə insanlar var ki, mənəviyyata üstünlük verərək xoşbəxt ola, elə insanlar da var ki, maddiyyata üstünlük verərək xoşbəxt ola bilirlər. Uşaqlarda oyuncaq onu xoşbəxt edirsə, yeniyetmələrdə daha çox diqqət, sevgi, qayğı onları xoşbəxt edir. Və yaxud da onlara alınan bir hədiyyə də onları xoşbəxt edə bilər. Ümumiyyətlə, yetişkin bir insanın xoşbəxt olmağa, əsasən, bir neçə səbəbi olmalıdır. Həm həyat tərzi, həm aldığı təhsil, həm də arzularının həyata keçməsi onun xoşbəxtliyi ola bilir. Bəzən xoşbəxtçilik əlimizdə olsa belə biz onu görə bilmirik. Bunun da səbəblərindən biri insanların diqqətini həmin şeyə fokslaşdıra bilməməsi olur. Ona görə də bəzi insanlar xoşbəxt olduğu halda bunun fərqinə varmırlar. Son dövrlərdə bu daha çox sosial yüklə yüklənmiş insanlara aiddir ki, onlar daha çox həyat qayğıları ilə məşğuldurlar. Ona görə də öz xoşbəxtliklərini görə bilmirlər. Psixoloqun da əsas köməyi burada olur ki, xoşbəxt olan insanın həqiqi xoşbəxtliyini ona göstərsin. Həyatda nə onu xoşbəxt edirsə, onu aşkara çıxara bilsin".