Türkmənistan Prezidenti Milli Məclisinin sədrini ordenlə təltif edib

7 Dekabr 2022 23:58 (UTC+04:00)

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycan Milli Məclisinin (MM) sədri Sahibə Qafarova “Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, orden Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən azərbaycanlı həmkarına təqdim olunub.

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov deyib ki, Türkmənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması təkcə iki ölkə xalqlarının mənafeyinə uyğundur.

Görüşdə ikitərəfli, regional və beynəlxalq gündəmlə bağlı fikir mübadiləsi aparılıb, BMT, MDB, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və s. formatlarda da səmərəli qarşılıqlı fəaliyyət qeyd olunub.

Qeyd edilib ki, çoxşaxəli əməkdaşlığın gələcək inkişafında dövlətlərarası təmasları tamamlayan və qarşılıqlı fəaliyyət üçün qanunvericilik bazasını möhkəmləndirən parlamentlərarası dialoqa böyük əhəmiyyət verilir.

O da vurğulanıb ki, Türkmənistanla Azərbaycan arasında parlament diplomatiyasının fəallaşması əlaqələrin dərinləşməsinə xidmət edəcək.