Avropada ölüm hökmünün ləğv edilmədiyi yeganə ölkə

7 Dekabr 2022 22:49 (UTC+04:00)

Bu arada Belarus parlamenti “Cinayət məsuliyyəti məsələləri üzrə məcəllələrə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, qanun layihəsi məmur və ya hərbçi tərəfindən dövlətə xəyanətə görə ölüm cəzasının tətbiq edilməsi təklif edir.

Qeyd edək ki, “Azadlıq” radiosunun Belarus xidməti, bu düzəlişin artıq səs çoxluğu ilə qəbul edildiyini bildirib.

Deputatlar Belarus Cinayət Məcəlləsinin “Sabotaj” maddəsinə də dəyişiklik ediblər. Artıq cinayətin məqsədi iqtisadi təhlükəsizliyə və müdafiə qabiliyyətinə zərər vurmaq əvəzinə iqtisadi və hərbi təhlükəsizliyə zərər vurmaq hesab olunacaq.

Maddə təxribata hazırlıq hərəkətlərinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qeydlə əlavə edilir.

Bundan əlavə, Belarus ordusunu və hüquq-mühafizə orqanlarını nüfuzdan salan, qəsdən yalan məlumatların yayılmasına görə məsuliyyətlə bağlı maddə tətbiq edilir.

Qeyd edək ki, Belarus Avropada ölüm hökmünün ləğv edilmədiyi yeganə ölkədir. 1990-cı illərdən bəri ölkədə 400-dən çox ölüm hökmü icra edilib.

Ötən ilin mayında Aleksandr Lukaşenko terror aktlarına cəhdə görə ölüm cəzasına icazə verən qanunu imzalayıb. Onu da qeyd edək ki, Belarusdakı müxalifət tərəfdarlarını terror fəaliyyətlərində ittiham etmək standart təcrübədir.

Ağasəf Babayev