Xəzərin Azərbaycan sahilində də suiti cəsədləri aşkar edilib

7 Dekabr 2022 20:44 (UTC+04:00)

Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib.

SİA APA-ya istinadən xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.

"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək".

Qeyd edək ki, bir neçə gün əvvəl Xəzərin Dağıstan sahillərində 2500 suiti cəsədi aşkarlanıb.