Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzi TƏHLİL

7 Dekabr 2022 17:33 (UTC+04:00)

Dövlət başçısı Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğu", ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin azad edilməsi müjdəsini verdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Xalq bu müraciəti, bu anları illər idi ki, səbirsizliklə gözləyirdi. Bu müjdənin verilməsi Azərbaycanın tarixinə yeni səhifə kimi daxil oldu. "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox", – deyə Cənab Prezident bildirib. Artıq biz Şuşaya qayıtmışıq. Şuşa həsrəti ilə cadar olmuş qəlbimiz məlhəm tapıb. Qan ilə suvarılmış bu torpağının hər qarışı bizim üçün əziz olan Şuşa yeni bir dövrünə qədəm qoyub.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri və nizami, mütəşəkkil milli ordunun şücaəti nəticəsində Şuşa işğaldan azad olundu. Özü də çox ağır döyüş yolu ilə. "Şuşa tarixi Azərbaycan şəhəridir. Çünki 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu və ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmasına baxmayaraq Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi və bizi gözləyirdi. Biz də gəldik və Şuşanı azad etdik", deyə Prezidenti İlham Əliyev bildirib.

DAŞ KİTABƏLƏR, DAŞLAŞMIŞ YADDAŞIMIZ…

Müstəqil Azərbaycanın alınmaz qalası, Qarabağın tacı sayılan Şuşa daşlaşmış yaddaşlarda iz salıb. Daş kitabələrdə vərəq-vərəq səhifələnir, tariximiz var, keçmişimiz, mədəniyyətimiz var bu kitabələrdə. Bəli, qədim tarixi olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırıblar. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib, dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırıblar. Bəzi mənbələrdə isə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə, Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara olub. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə bura gələn hər kəsin diqqətini cəlb edib.
Ötən əsrin 70-ci illərindən Şuşanın həyatında yeni bir inkişaf dövrü başlayır. Ulu Öndər Heydər Əliyev tərəfindən şəhərin inkişafına xüsusi diqqət yetirilib. 1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul edib. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Şəhərdə yeni sənət ocaqları yaradılıb, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılıb. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib.

QAFQAZDA YEGANƏ ŞƏRQ MUSİQİ ALƏTLƏRİ FABRİKİ TALANDI

1992-ci ildə Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.

ŞUŞA AZADLIĞININ İLK DÖVRÜNƏ MƏDƏNİYYƏT PAYTAXTI KİMİ QƏDƏM QOYDU

Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir. Qısa bir zamanda Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Eyni zamanda, dövlət başçımızın göstərişi ilə Şuşada vaxtilə keçirilən "Xarıbülbül" festivalı bərpa olundu. Bu festival şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Bildiyimiz kimi, tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şəninə konsertlər verilib, festivalar təşkil edilib. Ötən əsrin 80-ci illərinin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı məhz Xarıbülbülün adı ilə ifadə olunub və məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", - dövlət başçısı çıxışlarının birində bildirib. Daha sonra 2022-ci il dövlət başçısı tərəfindən "Şuşa ili" elan olundu. Tarixi-mədəni əhəmiyyət kəsb edən Şuşanın bu gün əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər həyata keçirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, işğaldan azad olunan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradılır.

QƏDİM ŞUŞADA QAYNAR HƏYAT

Dövlət başçısı Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bildiyimiz kimi, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir. Sərəncama əsasən, Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb həyata keçiriləcəkdir.
Qədim tarixi olan Şuşa tarixin müxtəlif dönəmlərində "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılmış Şuşa yeni bir qaynar dövrünü yaşayır. Bu gün işğaldan azad olunan Şuşada Azərbaycan bayrağı ucalır. Şuşa məscidində azan səsi eşidilir, işığı ətrafa yayılır. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.

Zümrüd BAYRAMOVA