Olaf Şolts Balkan ölkələrinə çağırış edib

7 Dekabr 2022 17:02 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolts Qərbi Balkan ölkələrini Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı siyasət və sanksiyalarına uyğunlaşmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Şolts Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa İttifaqı-Qərbi Balkan Ölkələrinin Zirvə yığıncağından sonra mətbuat konfransında Rusiyaya qarşı ortaq mövqe nümayiş etdirməyə çağıraraq deyib:

"Mövqelərimizi daha da yaxınlaşdırmalıyıq. Avropa İttifaqına namizəd ölkələrin Avropa İttifaqının sanksiyalar siyasətinə əməl etməsini gözləyirik".

Kansler Şolts ölkəsinin Qərbi Balkan ölkələrinin Avropa İttifaqı üzvlüyünə dəstəyini bir daha ifadə etməklə yanaşı, bu ölkələrdən gözləntilərini də dilə gətirib.

Ölkəsinin Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanın Avropa İttifaqına üzvlük cəhdlərini güclü şəkildə dəstəklədiyinə diqqət çəkən O. Şolts deyib ki, əməkdaşlığımızı güclndirmk və Qərbi Balkan ölkələrinin Avropa İttifaqına qoşulmasını sürətləndirmək üçün hər şeyi edəcəyik. Hazırda qəbul edilən Tirana Bəyannaməsi ilə biz Avropa İttifaqınin genişlənmə prosesinə sadiqliyimizi bir daha təsdiqlədik.