Yeni il yarmarkalarında qiymətlər necədir? - FOTOREPORTAJ

7 Dekabr 2022 16:23 (UTC+04:00)

Yeni illə əlaqədar olaraq şəhərin müxtəlif ərazilərində və metrostansiyaların yaxınlığında bayram yarmarkaları açılıb. Qurulan yarmarkaların hər birində bayrama aid hər bir şey tapmaq mümkündür. Bəs bu il qurulan yarmarkalarda hazırki vəziyyət necədir? İnsanlar qiymətlərdən razıdırmı? Keçən illə müqayisədə bayram yarmarkalarında qiymət artımı müşahidə olunurmu? Məhz elə bu kimi suallara cavab tapmaq üçün SƏS TV olaraq yollandıq şəhərin sözügedən məkanlarında yaradılan yarmarkalara.

İlk olaraq 28 May metrostansiyasının yaxınlığında yerləşən yarmarkaya daxil olduq. Burada boyları bir-birindən fərqli olan şam ağacları, rəngli zərlər, işıqlar və oyuncaqlar olan stendə yaxınlaşdıq. Stendin qarşı tərəfində dayanan satıcı ilə bir qədər söhbət edib, qiymətlər barədə məlumatlar aldıq. Onun sözlərinə görə, keçən illə müqayisədə qiymət artımı yoxdur: “Yalnız fərq ondan ibarətdir ki, bu il yeni bəzək əşyaları gətirmişik. İnsanların daha çox marağına səbəb olan hədiyyəlik suvenirlər, heykəllər, fincanlar və s. var. Şam ağaclarının qiyməti 5 manatdan başlayaraq 30, 45, 80, 100, 180, 200 AZN aralığında dəyişir.

İnsanlar əsasən 30 və 45 manatlıq şam ağaclarına üstünlük verirlər. Həmçinin rəngarəng işıqlarımız var ki, qiyməti 5 manatdan başlayır 12 manata qədər dəyişir. Lakin ən çox satılan növ isə 5 manatlıq işıqlardır.

Daha sonra şam ağacının üzərini bəzəmək üçün olan zərlərin qiyməti 0.80 qəpikdir. Qar kürələrimizin qiyməti isə 2 manatdan başlayır. Şam ağacı üçün aksessuarlarımızın qiyməti isə müxtəlif qiymət aralığındadır. İnsanların yarmarkaya olan marağı ötən ilə nisbətən azalıb. Fikrimcə, gün keçdikcə bayram alış-verişi edən insanların sayı daha da artacaq”.

Daha sonra qiymətləri müqayisə etmək və aradakı fərqi öyrənmək məqsədi ilə qonşu yarmarkaya yollandıq. Burada digərlərindən fərqli olaraq ilk növbədə diqqətimi Yeni il bayramının əsas simvollarını özündə əks etdirən boşqablar və süfrə üçün lazımi olan avadanlıqlar çəkdi.

Satıcının sözlərinə görə, bu cür boşqabların qiyməti 6 manatdan başlayır, bıçaq setləri 36 nəfərlik 40 manatdır. Rəngli işıqlar isə 5 manatdan başlayır. Şam ağacları üçün istifadə olunan bəzək əşyalarımız isə müxtəlifdir. Onların da qiyməti 6 manatdan başlayır.

Müxtəlif yeni il əşyalarımız var ki, qiyməti həm münasib, həm də görünüş baxımından göz oxşayır. Keçən ilə nisbətən bu il qiymət artımı azda olsa var. Daha sonra Yeni il üçün şəkillərimiz var qiymətləri 1 və 2 manatdır. Qeyd edim ki, alıcı səviyyəsi də bu il aşağıdır. Çoxları az bir şey alaraq kifayətlənirlər. Təbii ki, bunun da bir sıra səbəbləri var.

Şəhər sakini Gülbəniz Həsənov: “Biz keçən il evimizə bayram bazarlığı etməmişdik. Ötən illərdən qalan əşyaları istifadə edirdik. Lakin bu il yeni şam ağacı və bəzək əşyaları almaq fikrimiz var. Fikrimcə, bu cür yarmarkaların olması çox yaxşı bir addımdır. Qiymətlərdə münasib qiymətədir”.

Şəhər sakini Şahmar Əliyev: “Mən bu gün nəvələrimi sevindirmək üçün bir sıra bayram aksessuarları aldım. Lakin keçən il heç bir alış-veriş etməmişdim. Çünki ötən ildən qalanları istifadə etmək imkanımız var idi. Mənim üçün yarmarkadakı əşyaların qiyməti normaldır. Ancaq təbii ki, bu qiymətlər başqası üçün uyğun olmaya bilər”.

Şəhər sakini Leyla Quliyeva: “Bayram yarmarkalarındakı qiymətlər bahadır. Keçən Yeni il üçün bazarlıq etmişdim. Lakin bu il qiymətlərə nəzər saldıqda görürəm ki, çox böyük fərq var. Düşünmüşdüm ki, övladım üçün yarmarkadan nəsə alaram, amma qiymətləri öyrəndikdən sonra fikrimdən daşındım”.

Şəhər sakini Murad Alıyev: “Fikrimcə, yarmarkada hər şey bahadır. Buna görə də bayram üçün alış-veriş etməyə heçnə tapmıram. Məhz bu səbəbdən vəziyyət qəlizdir. Son 3-4 ildə bayram bazarlığı etməmişəm. Düşünürəm ki, qiymət artımı bu cür də davam etsə bazarlıq edə bilməyəcəm”.

Şəhər sakini Aliya Feyziyeva: “Hələki yeni il əşyalarına baxmağa yenicə başlamışam. Lakin yarmarkada hər kəsin cibinə uyğun əşyalar satılır. Ötən il bayram alış-verişi etməmişdim ona görə ki, bayram aksessuarlarım var idi. Ancaq bu il bazarlıq etməyi düşünürəm”.

Şəhər sakini Orxan Hüseynli: “Yeni il öncəsi belə yarmarkaların qurulması körpələrin sevincinə səbəb olaraq, bizlərin daha rahat şəkildə alış-veriş etməyimizə şərait yaradır. Yarmarkadakı qiymətlərlə tanış olmuşam və qiymətlər bahadır. Keçən illə nisbətən qiymətlərdə artım müşahidə olunur”.